YAP Səbail rayon “Müalicə-diaqnostika” (Xüsusi Müalicə Sağlamlıq Kompleksi) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi
02.07.2021İyulun 2-də YAP Səbail rayon “Müalicə-diaqnostika” (Xüsusi Müalicə Sağlamlıq Kompleksi) ərazi ilk partiya təşkilatında İdarə Heyətinin iclası keçirildi.
İclasda ərazi ilk partiya təşkilatının yeni sədri seçildi.
YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin bütün kollektivini YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin adından salamlayaraq həkimlərimizə şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladı.
Qurucusunun Ulu Öndər Heydər Əliyevin olduğu və hazırda respublikamızın və yaxın coğrafiyanın avanqard siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan danışan Z.Bayramov Vətən müharibəsində ölkə başçısı, Partiyamızın sədri, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbənin Azərbaycan və regionumuz üçün ictimai-siyasi nəticələri, eləcə də müasir Azərbaycanın misilsiz nailiyyətlərində YAP-ın rolu və töhfələri haqqında iclas iştirakçılarına geniş məlumat verdi.
YAP Səbail rayon təşkilatının çoxşaxəli ictimai-siyasi, mədəni-kütləvi fəaliyyəti, eləcə də rayon partiya təşkilatının Şəhid ailələrini, qaziləri, müharibə veteranlarını, əlil vətəndaşları, kimsəsizləri, tənha ahılları, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı rayon sakinlərini daim diqqət mərkəzində saxlaması və bu istiqamətdə həyata keçirilən humanitar və xeyriyyəçilik aksiyaları haqqında danışan Z.Bayramov “Müalicə-diaqnostika” ərazi ilk partiya təşkilatının bütün üzvlərini rayonumuzun ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə dəvət etdi.
Z.Bayramov uzun müddət “Müalicə-diaqnostika” ərazi ilk partiya təşkilatına sədrlik edən Məmmədova Elmira Məmmədiyyə qızına fəaliyyəti dövründə partiya işinə bəxş etdiyi töhfələrə görə minnətdarlığını bildirdi. İPT üzvlərinin Səbail rayonunun ictimai-siyasi həyatındakı fəal iştirakını qeyd edən Z.Bayramov 2017-ci ildə YAP Səbail rayon təşkilatının və “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibəilə keçirilən tədbiri xüsusi vurğuladı.
Aparat rəhbəri ərazi ilk partiya təşkilatının seçiləcək yeni rəhbərliyinə uğurlar arzuladı və əminliyini ifadə etdi ki, 1995-ci ildə təsis olunan və kifayət qədər siyasi təcrübəyə malik olan “Müalicə-diaqnostika” ərazi ilk partiya təşkilatı burada formalaşdırılmış ənənələri eyni keyfiyyətdə və yeni çağırış, tələblərə uyğun uğurla davam etdirəcəkdir.
Sonra səsvermə keçirildi, ərazi ilk partiya təşkilatının İdarə heyəti üzvlərinin təklifləri əsasında həkim-oftalmoloq Bahar Mustafayeva yekdilliklə “Müalicə-diaqnostika” (Xüsusi Müalicə Sağlamlıq Kompleksi) İPT-nin yeni sədri seçildi.
Çıxış edən İdarə heyətinin üzvləri, “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin əməkdaşları Səbinə Abdullayeva, Malikə Şirinova və digərləri Vətən müharibəsində qazanılan tarixi qələbə, ölkəmizdə COVID-19 koronavirus pandemiyası ilə mübarizə istiqamətində həyata keçirilən sistemli tədbirlər haqqında danışaraq müasir Azərbaycanın bugünkü uğurlarına görə ölkə başçısı İlham Əliyevə, Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür etdilər. Çıxış edənlər uzun müddət “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”ndə çalışan və zəhmətsevərliyi, məsuliyyəti, eləcə də ictimai-siyasi fəallığı ilə seçilən Bahar Mustafayevanı təbrik etdilər, ona fəaliyyətində uğurlar arzuladılar.
Ona göstərilən yüksək etimada görə təşəkkür edən yeni sədr Bahar Mustafayeva “Müalicə-diaqnostika” ərazi ilk partiya təşkilatının bundan sonra da bütün partiya tapşırıqlarını vaxtlı-vaxtında icra edəcəyinə, sıralarını daha da gəncləşdirərək Səbail rayonunun ictimai-siyasi həyatındakı fəallıqlarını daha da artıracaqlarına dair əminliyini ifadə etdi.
Sonra iclasa yekun vuruldu.