YAP Səbail rayon təşkilatının ilk sədri, mərhum professor Zahid Qaralovun anadan olmasının 87-ci ildönümüdür
10.07.2021Bu gün YAP Səbail rayon təşkilatının yaradıcısı və ilk sədri, yüksək intellektli Azərbaycan ziyalısı, görkəmli ictimai-siyasi xadim, əsl türk oğlu, ömrünün xeyli hissəsini elmə, təhsilə, dövlətçiliyə və cəmiyyət üçün faydalı olan işlərə həsr edən fədakar insan, pedaqoq, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri, Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak edən, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” və “Şərəf” ordenli pedaqoji elmlər doktoru, professor Zahid Qaralovun dünyaya gəldiyi gündür.
Hər il olduğu kimi bu il də YAP Səbail rayon təşkilatının çoxminli üzvləri Zahid müəllimin əziz xatirəsini ehtiramla yad edir.
İyulun 10-da YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, rayon təşkilatının İdarə Heyətinin üzvləri – Auditorlar Palatasının sədri Vahid Novruzov, partiya veteranı, 91-lərdən olan Hacan Hacıyev, rayon Qadınlar Şurasının sədri Təranə Kərimova, rayon Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədov, YAP Səbail rayon “Bibiheybət” ərazi ilk partiya təşkilatının sədri, Səbail rayonu 50 nömrəli tam orta məktəbin direktoru Sədaqət Həsənova, Aparat rəhbəri Zəfər Bayramov və aparat əməkdaşları, gənclər İkinci Fəxri Xiyabanda Zahid Qaralovun məzarını ziyarət etdilər. Mərhum professora bir daha ehtiram ifadə olundu, məzarı önünə gül dəstələri qoyuldu və ruhuna dualar oxundu.
Zahid Qaralov keçdiyi zəngin və şərəfli həyat yolunun bütün dövrlərində ölkəmizin milli maraqlarını və milli dəyərlərini hər şeydən üstün tutaraq, istər elmi-pedaqoji, istər qanunvericilik, istərsə də ictimai-siyasi sahədəki fəaliyyətində öz həyat səlnaməsinin parlaq səhifələrini yaratmışdır.
O, harada olmasından, tutduğu vəzifədən asılı olmayaraq, üzərinə düşən bütün vəzifələri yüksək peşəkarlıqla, layiqincə yerinə yetirərək göstərilən etimadı daima doğrultmuş, dövlətimizin və xalqımızın etibarını qazanmışdır. O, fədakar pedaqoq, elm xadimi və millət vəkili kimi daima Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının yüksəldilməsi üçün çalışmış, milli maraqları hər şeydən üstün tutmuşdur.
Zahid Qaralovun ən böyük xidmətlərindən biri də müstəqil dövlətimizin siyasi sisteminin sütunu hesab olunan Yeni Azərbaycan Partiyasının yaradılmasında əvəzolunmaz fədakarlıq göstərməsi, Naxçıvanda keçirilən YAP-ın təsis konfransında fəal iştirakı, İdarə Heyətinin və Siyasi Şuranın üzvü seçilməsi idi. Zahid Qaralov YAP Səbail rayon təşkilatının yaradıcılarından biri kimi uzun illər (1993-2015-ci illər) yüksək peşəkarlığı, siyasi mədəniyyəti, bacarığı, təşkilatçılıq qabiliyyəti ilə rayon təşkilatına uğurla rəhbərlik etmişdir.
Zahid Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti xalqımız, dövlətimiz qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Zahid Qaralov görkəmli alim, ictimai-siyasi xadim, nümunəvi və qayğıkeş ailə başçısı, elinə-obasına bağlı təəssübkeş bir insan kimi daima qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin! Ruhu şad olsun!