Azərbaycan Respublikası Energetika Nazirliyi və YAP Səbail rayon təşkilatının birgə təşəbbüsü və təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin və qazilərinin işlə təminatına dəstək məqsədilə “Məşğulluq Marafonu” çərçivəsində görüş keçirildi
13.07.2021İyulun 13-də YAP Səbail rayon “Energetik” (Azərbaycan Respublikası Energetika Nazirliyi) ərazi ilk partiya təşkilatının təşəbbüsü, YAP Səbail rayon təşkilatı və Azərbaycan Respublikası Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə Energetika Nazirliyində işə ehtiyacı olan Vətən müharibəsinin Səbail rayonundan olan Şəhid ailələri üzvləri və qazilərilə görüş keçirildi.
Görüşdə Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, YAP Səbail rayon “Energetik” ərazi ilk partiya təşkilatının sədri, Energetika Nazirliyində Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov, Şəhid İlkin Əhədzadənin, Şəhid Orxan İsmayılovun, Şəhid Əli Nağıyevin ailə üzvləri, qazi Vəliyev Nağı Mübariz oğlu, qazi Şirinov Vasif Nizami oğlu, qazi Muradov Fəqan Asif oğlu və qazi Əliyev İlkin Nadir oğlu iştirak etdilər.
İlk öncə, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüşərək qəhrəmancasına həlak olan bütün Şəhidlərimizin əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm tarixi Zəfəri haqqında qürurla danışdı. Qanları, canları bahasına qəhrəmanlıq dastanı yazan Şəhidlərimizin ruhuna dərin hörmət və ehtiramını ifadə edən Z.Məmmədov qazilərimizin şücaətini yüksək qiymətləndirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələrinə, qazilərimizə göstərdiyi yüksək diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər və görülən işlər haqqında danışan Aparat rəhbəri vurğuladı ki, Azərbaycanda Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət dünyanın istənilən ölkəsi ilə müqayisədə daha yüksəkdir və bugünkü görüş dövlət başçısının bütün qurumlar, sahibkarlar, biznes icimaiyyəti qarşısında qoyduğu vəzifə, tapşırıq və tövsiyələrin bariz sübutudur. Z.Məmmədov bildirdi ki, Energetika Nazirliyi Vətən müharibəsi Şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə respublikamızda keçirilən “Məşğulluq Marafonu” humanist təşəbbüsünə məmnuniyyətlə qoşulmuşdur və bu çərçivədə keçirilən bugünkü görüşün əsas məqsədi işə ehtiyacı olan Şəhid ailələri üzvləri və qazilərimizlə əyani görüşmək, namizədlərin tərcümeyi-halı, təhsili, iş təcrübəsi haqqında məlumatları dəqiqləşdirmək və bu məlumatlar əsasında onların işlə təminatına maksimum dərəcədə dəstək olmaqdır.
Bildirildi ki, Energetika Nazirliyinin tabeliyindəki bütün qurum və agentliklər bu humanist təşəbbüsə cəlb ediləcək və mümkün iş vakansiyaları ilə bağlı ilk növbədə Şəhid ailələri üzvləri və qazilərimizin işlə təmin olunması məsələsinə baxılacaqdır.
Sonra Aparat rəhbəri görüşdə iştirak edən hər bir Şəhid ailəsi üzvü və qazilərin tərcümeyi-halı, iş təcrübəsi və məişət vəziyyətləri ilə maraqlandı. Şəhid ailələri üzvləri özləri haqqında fərdi şəkildə məlumat verdilər, qazilərimiz keçdikləri döyüş yolu, təltif olunduqları medallar və Azərbaycan əsgərinin döyüş meydanındakı şücaəti haqqında danışdılar.
Görüş iştirakçılarının hər biri işə qəbul olunmaq üçün ərizə yazaraq namizədlər olaraq qeydiyyatdan keçdilər.
Çıxış edən YAP Səbail rayon “Energetik” ərazi ilk partiya təşkilatının sədri, Energetika Nazirliyində Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov Azərbaycan xalqının Vətən müharibəsindəki tarixi qələbəsindən fəxarətlə danışaraq bir daha Şəhidlərimizin, qazilərimizin, müharibə iştirakçılarının qəhrəmanlığını, fədakarlığını və vətənpərvərliyini yüksək qiymətləndirdi. Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələrinə, qazilərimizə göstərdiyi yüksək diqqət və qayğının hər bir qurum, məmur və vətəndaşımız üçün ən gözəl nümunə olduğunu vurğulayan Ə.İsmayılov Energetika Nazirliyinin YAP Səbail rayon təşkilatı ilə birgə bu istiqamətdəki fəaliyyətindən bəhs etdi. Vurğurlandı ki, Energetika Nazirliyi YAP Səbail rayon təşkilatı tərəfindən yüksək həssaslıq və diqqətlə həyata keçirilən “Şəhid ailələrinə və qazilərə qayğı” davamlı aksiyasında yaxından iştirak edir, bu çərçivədə dəfələrlə Şəhid ailələri və qazilərimiz evlərində ziyarət olunub, bu ailələrə mövcud imkanlar və resurslar çərçivəsində 8 aydır ki, mümkün maddi-mənəvi dəstək göstərilir. Ə.İsmayılov bildirdi ki, bugünkü görüşün müsbət nəticələri mütləq olacaq. Qeyd olundu ki, bu həssas məsələ Azərbaycan Respublikasının Energetika naziri cənab Pərviz Şahbazovun şəxsi nəzarətindədir və işlə təminat üçün müraciət edən hər bir Şəhid ailəsi, qazimiz daima diqqət mərkəzində saxlanılacaq, vakansiyalar yarandıqca onlar ixtisaslarına uyğun müvafiq işlə təmin olacaqlar.
Çıxış edən YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov rayon partiya təşkilatının sədri prof. Şəmsəddin Hacıyevin adından görüş iştirakçılarını salamlayaraq, bütün Şəhid ailələri üzvlərinə və qazilərimizə ehtiramını ifadə etdi. Vurğulandı ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın müstəqillik tarixinin ən parlaq, Şanlı Qələbə səhifəsidir və son 200 ildə ilk dəfədir ki, Azərbaycan itirilmiş torpaqlarını geri alır. Bu möhtəşəm və ağılasığmaz tarixi Zəfər ilk növbədə möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, “dəmir yumruğunun” və uğurlu diplomatiyasının nəticəsidir. Azərbaycan xalqı 44 günlük şərəf mübarizəsində böyük və qəhrəman xalq olduğunu sübut etdi, milli qürurunu özünə qaytardı. YAP Səbail rayon təşkilatının müharibəyə qədər, müharibə günlərində və post-müharibə dövründəki çoxşaxəli fəalliyyəti haqqında danışan Aparat rəhbəri partiya təşkilatının Şəhid ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək təşəbbüsünə yüksək diqqət və həssaslıqla yanaşan Energetika Nazirliyinin rəhbərliyi başda olmaqla bütün kollektivinə ürəkdən təşəkkür etdi. Z.Bayramov YAP Səbail rayon “Energetik” ərazi ilk partiya təşkilatının fəaliyyətini, Səbail rayonun ictimai-siyasi, mədəni tədbirlərində, eləcə də humanitar-sosial yardım aksiyalarında yaxından iştirakını yüksək qiymətləndirdi və Nazirliyin “Məşğulluq Marafonu” humanist təşəbbüsünü alqışladı.
Görüşdə iştirak edən Şəhid ailə üzvləri və qazilər onlara göstərilən yüksək diqqət və qayğı üçün ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyeva, Yeni Azərbaycan Partiyasına və nəcib təşəbbüslə çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyinin rəhbərliyinə təşəkkür etdilər.