YAP Səbail rayon təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin növbəti ildönümünə həsr olunan tədbir keçirildi
14.07.2021İyulun 14-də “Baku Crystal Hall”un Konfrans zalında YAP Səbail rayon təşkilatı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə14 iyul 1969-cu il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbər təyin olunması və Azərbaycan xalqının həyatında bu təyinatla başlayan inqilabi dəyişikliklər dövrünə həsr olunan tədbir keçirildi. Tədbirdə həmçinin YAP Səbail rayon “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatının (İPT) İdarə heyətinin yeni tərkibi, İPT sədri və müavini seçildi, YAP sıralarına qəbul olunmaq istəyən Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının müraciətlərinə baxıldı və müvafiq qərarlar qəbul olundu.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavinləri Ağacan Əhmədov və Elşən İsgəndərov, Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri dos. Zəfər Bayramov, aparat işçiləri və YAP Səbail rayon “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatının üzvləri iştirak etdilər.
Əvvəlcə, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi və xalqımız üçün misilsiz xidmətləri haqqında danışdı. Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdə artan nüfuzu, partiya üzvlərinin təqdirəlayiq fəaliyyəti, xüsusilə YAP-ın müstəqilliyimizin qorunması və ildən-ilə möhkəmlənməsindəki əvəzsiz rolu və töhfələrini qeyd edən A.Əhmədov 2016-cı ildə təsis olunan və YAP Səbail rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Dənizkənarı Milli Park” (Dənizkənarı Bulvar İdarəsi) ərazi ilk partiya təşkilatının fəaliyyəti, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və dövlət atributu olan Azərbaycan bayrağının təbliği istiqamətində görülən işlər, rayon partiya təşkilatı ilə birgə həyata keçirdiyi böyük tədbirlər, İPT-nin Səbail rayonunun ictimai-siyasi həyatındakı iştirakı haqqında ətraflı məlumat verdi. Vurğulandı ki, fəaliyyətini YAP-ın Nizamnaməsi və Proqramı, partiya Sədrinin tapşırıq və tövsiyələri əsasında YAP Səbail rayon təşkilatı ilə birgə müsbət tandemdə təşkil edən “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatı bundan sonra da dövlətçiliyimizin möhkəmlənməsi və inkişafı üçün var qüvvəsi ilə çalışacaqdır.
YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev “Ulu Öndər Heydər Əliyev: Azərbaycan xalqına və dövlətçiliyinə həsr olunan ömür” mövzusunda geniş məruzə ilə çıxış etdi. Xalqımızın bu il təqvimdəki hər tarixi və əlamətdar hadisəni ötən illərdən fərqli olaraq tamamilə başqa əhval-ruhiyyədə, böyük ruh yüksəkliyi ilə qeyd etdiyini bildirən Ş.Hacıyev vurğuladı ki, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Azərbaycan xalqı üçün ən taleyüklü məqamlarda xilaskarlıq missiyalarını yerinə yetirən görkəmli dövlət xadimi, fenomenal şəxsiyyət və bənzərsiz siyasət dühası Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki möhtərəm Prezidentimiz Ata vəsiyyətini layiqincə yerinə yetirdi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi və Heydər Əliyevin ömrünü uğruna həsr etdiyi Azərbaycanı sözün əsl mənasında müstəqil, güclü, qüdrətli dövlətə çevirdi.
Ulu Öndərin istər Sovetlər dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi uğrundakı çoxşaxəli fəaliyyəti, yerinə yetirdiyi xilaskarlıq missiyaları haqqında geniş danışan Ş.Hacıyev qeyd etdi ki, 14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyasının Birinci katibi, başqa sözlə Azərbaycan SSR-in rəhbəri seçildiyi tarixdən etibarən Azərbaycanın taleyində yeni intibah dövrü başladı. Sədr Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə həyata keçirilən inqilabi dəyişikliklər, SSRİ tərkibində formal müstəqil olan Azərbaycanda Heydər Əliyevin titanik zəhməti nəticəsində görülən nəhəng işlərin miqyası və nəticələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Respublikanın istisnasız olaraq bütün sosial-iqtisadi sahələrində sürətli inkişaf və əsaslı dəyişikliklərin müşahidə olunduğu 13 illik dövrü iqtisadi rəqəmlər və statistik müqayisələr əsasında təhlil edən Ş.Hacıyev vurğuladı ki, 1969-cu ildə 15 İttifaq respublikası arasında bütün sosial-iqtisadi göstəricilərinə və həyat səviyyəsinə görə axırıncı yerlərdə olan və SSRİ-nin xammal əlavəsi kimi fəalliyyət göstərən Azərbaycan 1982-ci ildə özünü tam təmin edən, artım templərinə görə ilk üçlüyə yüksələn, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edən sənaye ölkəsinə çevrildi. 1978-ci ildə Heydər Əliyevin adı ilə bağlı olan Azərbaycan SSR-nin mütərəqqi Konstitusiyasının qəbulu, İttifaq əhəmiyyətli bir çox zavod, fabrik və sənaye müəssisələrinin, o cümlədən bu gün Heydər Əliyevin adını daşıyan Bakı Dərin Özüllər Zavodunun, kondisionerlər zavodunun, onlarla digər zavod-fabriklərin məhz Azərbaycanda inşası, Azərbaycanın enerji müstəqilliyinin təmini, bütün respublika ərazisinə qaz şəbəkələrinin çəkilməsi, kənd təsərrüfatında əldə olunmuş nailiyyətlər, ölkəmizə bu dövrdə cəlb olunan 34 mlrd. rubl həcmində investisiya, Azərbaycanda təmin olunan kompleks, sistemli inkişafın müxtəlif elementləri haqqında geniş danışan Ş.Hacıyev vurğuladı ki, bu dövrdə Azərbaycan xalqının Heydər Əliyevə ümumxalq məhəbbəti yarandı, eyni zamanda XX əsrin sonlarında müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin inkişafı üçün iqtisadi təməllər formalaşdırıldı. Sədr Heydər Əliyevin 1982-1987-ci illərdə Moskvadakı fəaliyyəti, 1990-cı ildə Azərbaycana qayıdışı, Naxçıvan SSR Ali Sovetinin sədri kimi xalqımız üçün ən taleyüklü məqamlarda müstəqilliyimiz uğrunda qəbul etdiyi cəsarətli qərarlar, atdığı addımlar – Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın bayrağı elan edilməsi, Sovet hakimiyyətini dəstəkləyən Referendumu Naxçıvan ərazisində boykot edilməsi, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasını yaratmaqla milli siyasi sistemimizə sivil, demokratik yollarla hakimiyyətə gəlmə, seçki mədəniyyəti gətirilməsi, Ulu Öndərin 1993-cü ilin iyununda xalqın təkidli tələbi və istəyi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanı düşdüyü dərin böhran vəziyyətindən, müstəqilliyini itirmək, parçalanmaq, yox olmaq təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna çıxartması, 1994-cü ildə iqtisadi inkişafımızın təməl bünövrəsi olan “Əsrin Müqaviləsi”ni reallaşdırması, 1995-ci il Konstitusiyasının qəbulu, ölkəmizin istisnasız bütün siyasi, ictimai, mədəni, sosial, iqtisadi, hərbi sahələrini əhatə edən əsaslı islahatlar və bir sosial-iqtisadi quruluşun tamamilə yeni quruluşla əvəz olunması, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində həyata keçirdiyi misilsiz nəhəng işlər haqqında danışdı.
Vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında yerinə yetirdiyi ən böyük tarixi missiyalarından biri də sağlığında siyasi varisini seçməsi və qurub-yaratdığı müasir Azərbaycanı məhz özü qədər inandığı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevə əmanət etməsi oldu. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ildən-ilə artan iqtisadi, sosial, hərbi qüdrəti, beynəlxalq nüfuzu, Azərbaycanın təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən nəhəng transmilli layihələr haqqında geniş danışan Ş.Hacıyev xüsusi vurğuladı ki, müstəqil Azərbaycanın tarixində ən şanlı səhifələrdən biri ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Qələbə və Azərbaycanın ərazi bütövlüyünün bərpası oldu. Azərbaycan xalqı bu gün məğrur, qalib xalqdır, Azərbaycanın müharibə modeli dünyanın aparıcı hərbi məktəblərində öyrənilir və təhlil olunur, ölkəmiz Türkiyə ilə birlikdə qlobal güc mərkəzinə çevrilir. 15 iyun Şuşa Bəyannaməsi, 7 iyul Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında Fərmanın imzalanması, müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğu” bir daha sübut edir ki, 10 noyabr üçtərəfli bəyanatın bütün müddəaları mütləq yerinə yetiriləcək, Zəngəzur dəhlizi açılacaq. Bu gün qüdrətli Azərbaycan dövlətinin cəsarətli, müstəqil siyasət yürüdən, ümumxalq məhəbbəti qazanan Lideri var. Bütün xalqımız Prezident İlham Əliyev ətrafında sıx birləşib, Heydər Əliyev yolunu, İlham Əliyev siyasətini dəstəkləyir. Bu yol, bu siyasət Azərbaycan xalqını bundan sonra da böyük uğurlara aparacaqdır.
Sonra gündəlikdə duran məsələlər müzakirə olundu.
Ş.Hacıyev bildirdi ki, möhtərəm Prezidentimiz, YAP-ın Sədri İlham Əliyev siyasətinin təbliği və dəstəklənməsində, Birinci vitse-prezident, YAP-ın Birinci sədr müavini Mehriban xanım Əliyevanın həyata keçirdiyi genişmiqyaslı işlərdə yaxından iştirak edən Dənizkənarı Bulvar İdarəsində fəaliyyət göstərən “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatı (İPT) Səbail rayonunun ən öndəgedən və aparıcı ərazi ilk partiya təşkilatlarından biridir. Respublikamızın və Səbail rayonunun ictimai-siyasi həyatında baş verən mühüm hadisə və proseslərdə fəal şəkildə iştirak edən İPT-nin ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirən Ş.Hacıyev təsis olunduğu gündən İPT-yə rəhbərlik edən, vəzifəsinin öhdəsindən şərəflə gələn, ölkə başçısı tərəfindən daha yüksək və məsul vəzifəyə təyin olunan sabiq sədr Bağırov Elmir Məmməd oğluna YAP sıralarında peşəkar və fədakar fəaliyyətinə görə təşəkkür etdi. Qeyd olundu ki, sabiq sədrin təqdirəlayiq fəaliyyəti yüksək qiymətləndirilib və E.Bağırov YAP Səbail rayon təşkilatının Fəxri Diplomuna layiq görülüb.
Tədbir iştirakçılarının təklifləri əsasında “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatında 7 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi yekdilliklə təsdiq olundu. Səsləndirilən təkliflər əsasında İPT sədrliyinə Dövlət Bayrağı Muzeyinin direktoru, uzun müddət İPT-nin sədr müavini olan Könül İmamverdiyevanın namizədliyi irəli sürüldü. Təklif səsə qoyuldu və K.İmamverdiyeva yekdilliklə “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatının yeni sədri seçildi. Səsləndirilən təkliflər əsasında Emin Qədirli yekdilliklə İPT sədrinin müavini seçildi.
Daha sonra YAP sıralarına qəbul olunmaq istəyən Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının müraciətlərinə baxıldı və müvafiq qərarlar qəbul olundu.
Ş.Hacıyev “Dənizkənarı Milli Park” ərazi ilk partiya təşkilatının yeni seçilmiş İdarə Heyətini və sədrini bir daha təbrik etdi, onlara ictimai-siyasi fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.