Prof. Şəmsəddin Hacıyev: “Prezident İlham Əliyev diplomatiyasının növbəti uğuru: İqtisadi rayonların yeni bölgüsü haqqında fərman tarixi hadisədir”

IMG_9359Şəmsəddin Hacıyev
YAP Səbail rayon təşkilatının sədri,
iqtisad elmləri doktoru, professor

PREZİDENT İLHAM ƏLİYEV DİPLOMATİYASININ NÖVBƏTİ UĞURU: İQTİSADİ RAYONLARIN YENİ BÖLGÜSÜ HAQQINDA FƏRMAN TARİXİ HADİSƏDİR

İyulun 7-də möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında tarixi Fərman imzaladı. Milli sərhədlərimiz çərçivəsində iqtisadi rayonların sayının 11-dən 14-ə yüksəldilməsi, Azərbaycanın tarixi, əzəli torpaqlarına aid toponimin – Şərqi Zəngəzurun rəsmi dövlət sənədində qeyd olunması, işğaldan azad olunan bütün ərazilərimizlə bağlı strateji hədəflərin bəyan edilməsi və hələ də bəzi siyasi oyunbazların Xankəndi, Xocalı, Xocavənd haqqında əsassız spekulyativ çıxışlarını alt-üst etməsi bu Fərmanın siyasi, iqtisadi, strateji, həm də tarixi əhəmiyyətini birə yüz artırır. Bu yeni iqtisadi təsnifat ciddi siyasi, strateji və tarixi elementlərə malik olmaqla 100 il əvvəl bu bölgədə əsası qoyulan bütün münaqişələrin, bölünmələrin, Azəbaycana qarşı ərazi iddialarının üstündən birdəfəlik xətt çəkdi. Bu Fərman ölkə başçımızın böyük uzaqgörənliklə səsləndirdiyi “Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq…” bəyanatının sənədli, möhürlü təsdiqidir. Unikal siyasi idarəetmə bacarığı olan dövlət başçımızın lazımi məqamda imzaladığı bu sənəd 15 iyun tarixli Şuşa Bəyannaməsindən sonra Ermənistanda azğınlaşan revanşist bəyanatsevərlərə növbəti sarsıdıcı zərbə oldu. Eyni zamanda, 30 ildir Azərbaycanın tarixi, əzəli torpağı olan Qarabağ ətrafında hörümçək toru kimi toxunan status məsələsini də, sözün əsl mənasında, cəhənnəmə göndərdi. İqtisadi cəhətdən Qarabağ və Şərqi Zəngəzur rayonlarının yaradılması Azərbaycan dövlətinin işğaldan azad olunan ərazilərinin tezliklə bərpası və inkişafı ilə bağlı strateji hədəflərini açıqlayır. Bu yeni təsnifat birmənalı olaraq milli iqtisadiyyatımızın bütövləşməsinə və milli iqtisadi potensialımızın daha da yüksəlməsinə xidmət edəcəkdir.

44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi və regionda işğal faktoruna birdəfəlik son qoyulması həm Cənubi Qafqazda, həm də yaxın coğrafiyada tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar və region ölkələri üçün yeni çağırışlar, eyni zamanda, əməkdaşlıq üçün yeni formatlar və imkanlar formalaşdırdı. Azərbaycanın iqtisadi rayonlarının yeni təsnifatı bu yeni şərtlər və siyasi-iqtisadi reallıqlar baxımından milli iqtisadiyyatımıza daha sistemli və kompleks yanaşmanı təmin edəcək və işğal nəticəsində dağıdılmış, viran qoyulmuş Qarabağ bölgəsinin və tarixi Zəngəzur yaylasının şərq hissəsində yerləşən Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının sürətli bərpasına, həmin rayonların iqtisadi potensialına uyğun yeni layihələrin icrasına, bu ərazilərə investisiya qoyuluşlarının və xarici investorların cəlbinə, bir sözlə, bu bölgənin dağ-mədən, torpaq, su, enerji və insan resurs potensialının və turizm imkanlarının səmərəli istifadəsinə və milli iqtisadiyyatımıza reinteqrasiyasına şərait yaradacaqdır. Qarabağ bölgəsinin zəngin torpaq resursları, bu bölgədə əkinçilik, taxılçılıq üçün mövcud imkanlar, Şərqi Zəngəzurda heyvandarlığın inkişafı üçün mövcud geniş yaylalar, Cənubi Qafqazın İsveçrəsi kimi xarakterizə olunan bu bölgənin tarixi, mədəni, dini, ekoloji, rekreasyon turizm potensialı, mövcud su, külək, günəş enerjisi mənbələri nəzərə alınmaqla daha rasional əmək bölgüsünün, ixtisaslaşma və kooperasiyanın ən müasir modellərinin tətbiqinə real imkanlar yaradacaq, xüsusilə aqrar sektorun və kənd təsərrüfatı məhsullarının emalı sahələrinin, turizmin dinamik inkişafına töhfə verməklə milli ərzaq təhlükəsizliyinin və enerji infrastruktunun gücləndirilməsində, iqtisadiyyatımızın şaxələndirilməsində, qeyri-neft sektorunun inkişafında, eləcə də beynəlxalq iqtisadi əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaqdır.

Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü qeyd olunan iqtisadi əhəmiyyəti ilə yanaşı, ciddi siyasi, strateji hədəfləri də özündə ehtiva etməkdədir. Fərmanda Xankəndi, Xocalı, Xocavəndin vurğulanması “Dəmir yumruğun” siyasi iradəsinin növbəti nümayişidir. Bu Fərman qeyd olunan rayonların Azərbaycana aid olduğunu, iqtisadi potensiallarının milli iqtisadiyyatımıza daxil ediləcəyini birmənalı olaraq təsdiq etməklə istər Qarabağ bölgəsi, istərsə də Zəngəzur dəhlizi, Naxçıvan və Türkiyə vasitəsilə daha geniş regiona və bazarlara çıxışın əldə olunması ilə bağlı Azərbaycanın strateji hədəflərini bəyan edir. Möhtərəm Prezidentimiz imzaladığı Fərmanda tarixi Zəngəzur toponimini vurğulamaqla növbəti dəfə cəsarət diplomatiyası nümunəsi göstərdi. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və işğaldan azad olunan torpaqlarımızda bu gün Azərbaycan xalqının tarixi, mədəni, dini irsi bərpa olunur, haqq zəfər çalır. Bu möhtəşəm və sözlə ifadə olunması mümkün olmayan nəhəng tarixi nailiyyətə, müstəqil dövlətçiliyimizin ən şanlı, şərəfli səhifələrinə görə Azərbaycan xalqı Qalib Sərkərdəmizə, Müzəffər Ali Baş Komandanımıza minnətdardır.

XIX əsrdən başlayaraq ermənilərin məqsədli şəkildə qədim Azərbaycan torpaqlarına köçürülməsi və Zəngəzurun Azərbaycan xalqının iradəsinə zidd olaraq Qərbin və SSRİ-nin təzyiqi ilə Ermənistan SSR-yə verilməsi Türk dünyasına, Türk birliyinə qarşı edilən ən böyük xəyanətdir. Həqiqətən də, Türk dünyasının iki görkəmli lideri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə ilə iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin, türk millətinin gücünü, cəsarətini, əzmini, iradəsini, igidliyini, tarixi köklərinə və milli-mənəvi dəyərlərinə bağlılığını bütün dünyaya nümayiş etdirdi. Tarixi Şuşa Bəyannaməsi, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsündə Zəngəzur yaylasının vurğulanması bu regionun Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşaqları üçün strateji əhəmiyyətini, eləcə də Azərbaycan və Türkiyənin birlikdə regionun yeni güc mərkəzi kimi bu coğrafiyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın başlıca qarantı olduqlarını bir daha təsdiq etdi.

Azərbaycan döyüş meydanında əzəli düşmənimiz üzərində əldə etdiyi möhtəşəm qələbəni indi diplomatik müstəvidə, siyasi və iqtisadi əsaslarla möhkəmləndirir. Erməni təbliğat maşınının yalan propaqandasına baxmayaraq, möhtərəm Prezidentimizin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər beynəlxalq ictimaiyyət tərəfindən də təsdiqləndi. “Dəmir yumruq” və düşünülmüş siyasət nəticəsində dünya 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi, siyasi, hüquqi və mənəvi haqq mübarizəsinə şahidlik etdi və Azərbaycanın haqlı mövqelərini dəstəklədi. Ermənistanın hazırkı acınacaqlı vəziyyəti 30 illik işğalçılıq siyasətinin, kriminal hökumətlər tərəfindən erməni xalqına təbliğ olunan yalanların nəticəsidir. Erməni xalqı artıq nə iqtidarına, nə müxalifətinə etibar edir. Ölkə rəhbərimizin uğurlu, cəsarətli diplomatiyası bu ölkəni elə bir siyasi, iqtisadi təcrid vəziyyətinə salıb ki, Ermənistan 10 noyabr tarixli rüsvayçı hərbi kapitulyasiya aktından sonra uydurmalar üzərində qurulmuş bütün diplomatik mövqelərini də itirmişdir. Güclü dövlətin güclü liderinin siyasətinin təntənəsidir ki, Ermənistan 10 noyabr tarixli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur. Əminliklə deyə bilərik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün məsələlər sistemli şəkildə ardıcıl olaraq öz vaxtında, ən düzgün zamanda həll olunacaq, işğaldan azad olunan ərazilərimiz minalardan təmizlənəcək, o bölgələrdə qısa müddətdə möhtəşəm infrastruktur qurulacaq və Azərbaycan xalqı tezliklə ata-baba yurdlarına qayıdacaq. Bu gün Qarabağımızda, hər bir qarış Vətən torpağında Azərbaycan xalqının tarixi, mədəni, dini irsi yüksək zövqlə, milli-mənəvi dəyərlərimizə sadiqliklə, milli koloritdə bərpa olunur. İllər sonra Azərbaycan xalqının Vətən həsrətinə son qoyuldu, tarixi Cıdır düzündə səsləndirilən “Bayatı-Şiraz”, aid olduqları ata yurduna, Şuşaya qayıdan Üzeyir bəy Hacıbəyovun, Xan qızı Nətavanın, Bülbülün heykəlləri, inşası sürətlə davam edən “Zəfər yolu” xalqımızın Qarabağımıza Böyük Qayıdışının ilk addımlarıdır. Biz Prezidentimizlə, dövlətimizlə qürur duyuruq və Azərbaycanın yeni Şanlı tarixinin yazılışına şahidlik edirik.

 

”Yeni Azərbaycan” qəzeti

http://yeniazerbaycan.com/