Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatında şükür qurbanları kəsildi və xüsusi qayğıya ehtiyacı olan rayon sakinlərinə qurban payları çatdırıldı

Azərbaycan xalqı bu il təqvimdəki hər bayram gününü, əlamətdar tarixi ötən illərdən fərqli olaraq tamamilə başqa əhval-ruhiyyədə, böyük ruh yüksəkliyi ilə qeyd edir. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, Vətən həsrətinə son qoyuldu və işğal altında olan torpaqlarımız azadlığına qovuşdu. Azərbaycan xalqı bu gün məğrur, qalib xalqdır. Bütün dünya müsəlmanlarının əziz bayramlarından biri olan Qurban bayramında hər il qurbanlar kəsilir və Böyük Qələbə, torpaqlarımızın işğaldan azad olunması arzu olunurdu. Nəhayət, Azərbaycan xalqı bu il Qurban bayramında Şükür duaları ilə qurbanlar kəsir və bu bayram günlərini tarixi Zəfəri bizə bəxş edən Şəhidlərimizin ruhunu ehtiramla yad edərək, Şəhid ailə üzvlərinin, qazilərimizin yanında keçirir.

Mərhəmət və həmrəylik təcəssümü olan Müqəddəs Qurban bayramı münasibətilə YAP Səbail rayon təşkilatı hər il olduğu kimi bu il də öz ənənəsinə sadiq qaldı və Səbail rayonunun xüsusi qayğıya ehtiyacı olan sakinləri üçün növbəti bayram aksiyasını həyata keçirdi.

İyulun 17-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında qurbanlar kəsildi və Səbail rayonu ərazisində 100 xüsusi qayğıya ehtiyacı olan ailəyə, o cümlədən Vətən müharibəsi Şəhidlərinin və qazilərinin ailələrinə, “Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Səbail rayon filialında və “Veteran Tankçılar” İctimai Birliyində qeydiyyatda olan Birinci Qarabağ müharibəsinin Şəhid ailələri, müharibə əlilləri və veteranlarına, Bayıl, Bibiheybət, Badamdar ərazisindəki aztəminatlı ailələrə, əlil vətəndaşlara və tənha ahıllara, xəstələrə, kimsəsizlərə qurban payları çatdırıldı.

Aksiya çərçivəsində Şəhid ailə üzvləri, qazilər, müharibə əlilləri və veteranları, aztəminatlı ailələr, əlil vətəndaşlar, tənha ahıllar, xəstələr və kimsəsizlər evlərində ziyarət olundu, sakinlərə qurban sovqatları çatdırıldı və gündəlik məişət qayğıları ilə maraqlanıldı.

Rayon sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına təşəkkür etdilər.

Xalqımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edirik. Allah kəsdiyiniz qurbanları və xeyirliyə vəsilə olan bütün niyyət və dualarınızı qəbul etsin! Allah Azərbaycanımızı, Prezidentimizi, dövlətimizi qorusun! Amin!