Anasına “Sən həmişə mənimlə fəxr edəcəksən!” deyən Ordumuzun mahir nişançısı Şəhid Cəmil Məmmədlinin ailəsi ziyarət olundu
25.07.2021Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda başlayan Vətən müharibəsində Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə Şəhidlik zirvəsinə ucalan Cəmil Qarabağı bizə yenidən bəxş edən igidlərimizdəndir. Bu savaş bizə o qədər şeylər öyrətdi, o qədər qəhrəmanlarımızı tanıtdı ki.
28 iyul 1999-cu ildə İsmayıllı rayonunda dünyaya gələn Məmmədli Cəmil Habil oğlu 2005-ci ildə Bakı şəhəri Səbail rayon 163 saylı orta məktəbin 1-ci sinifinə qəbul olur, 2016 ci ildə həmin məktəbi bitirir. Daha sonra 2016-cı ildə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin, Materialşünaslıq ixtisasına qəbul olur, 2020-ci ildə burada ali təhsilini başa vurandan sonra hərbi xidmətə yollanır.
Cəmil ailə dəyərlərini yüksək tutan, Vətəninə, torpağına bağlı, mərhəmətli, zəhmətkeş, xeyirxah əməlləri ilə yetişən bir oğul idi. Torpaqlarımızın işğal altında, düşmən tapdağında olması onu həmişə narahat edirdi. O, böyük sevinc hissi ilə hərbi xidmətə yollanmışdı. Hələ kiçik yaşlarından anasına deyirdi ki, sən mənimlə həmişə fəxr edəcəksən. Məktəbdə təşkil olunan tədbirlərdə daima fəal olmuş, mükafatlar əldə etmişdi. 26 fevral Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan Səbaill rayon orta ümumtəhsil məktəbləri arasında keçirilmiş “Mahir nişançı” adlı Güllə atıcılığı turnirində III yerə layiq görülmüşdü. Eynilə o, hərbi xidmətdə də atıcılıq vəzifəsini icra edirdi. Əsgərlikdə olduğu zaman anasıyla danışarkən böyük fəxr və qürur hissi ilə demişdi ki, ona Milli Qəhrəman Mübariz İbrahimovun silahından verilmişdi. “Atıcılıq”- bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı.
Müharibənin başladığı ilk günlərdən son danışığına kimi daima yüksək əhval ruhiyyədə olmuş və mütləq ki, qələbə qazanacaqlarını ailəsinə bildirmişdi. Hələ yeni əsgər olmasına baxmayaraq döyüşlərdə böyük şücaətlik göstərir, Füzuli, Xocavənd döyüşlərində iştirak edir. Son olaraq oktyabrın 14-dən 15-nə keçən gecə Vətən müharibəsi zamanı Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə ucalır.
Cəmil Məmmədli Prezidentin sərəncamı ilə (ölümündən sonra) “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.
İyulun 23-də Vətən müharibəsinin Səbail rayonundan olan Şəhidlərinin Anaları və YAP Səbail rayon təşkilatının fəalları Cəmil Məmmədlinin doğum günü ərəfəsində Şəhidimizin ailəsini evlərində ziyarət etdilər. Qəhrəman Şəhidlərimizin fədakar Anaları ilə səmimi söhbət zamanı igid Vətən oğullarının keçdiyi Şanlı döyüş yoluna nəzər salındı, Azərbaycan əsgərinin döyüş meydanındakı qəhrəmanlığı, şücaəti fəxarətlə vurğulandı və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizin əbədiyaşar işıqlı xatirələri böyük ehtiram və məhəbbətlə yad edildi.
Ruhunuz şad, məkanınız cənnət olsun, Vətən oğulları! Sayənizdə Azərbaycan xalqı bu gün başıuca, məğrur xalqdır. Şanlı üçrəngli bayrağımız qürurla dalğalanır və bütün Azərbaycan xalqı Cəmil kimi qəhrəman oğulları ilə fəxr edir. Qarabağ Azərbaycandır!