Vətən müharibəsinin qəhrəman Şəhidi Cəmil Habil oğlu Məmmədlinin doğum günü münasibətilə ata-baba ocağında Anım mərasimi keçirildi

28 iyul – Vətənin igid övladı, mərd, vətənpərvər, əsl Türk-Azərbaycan oğlu, 44 günlük Vətən müharibəsinin qəhrəman Şəhidi Cəmil Habil oğlu Məmmədlinin dünyaya gəldiyi gündür. Yaşasaydı bu gün 22 yaşı tamam olacaqdı…

İsmayıllıda dünyaya göz açan Cəmil, Səbail rayonunda böyüyüb boya-başa çatmışdır. 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Cəmil Vətən müharibəsinin ilk günlərində könüllü olaraq ön cəbhəyə göndərilməsi üçün müraciət etmiş və Füzuli, Xocavənd uğrunda gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşmüşdür. Oktyabrın 14-ündən 15-inə keçən gecə Şəhadət zirvəsinə ucalan qəhrəman əsgər Cəmil Məmmədli İsmayıllıda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 4 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.

Qəhrəman Şəhidimizin doğum günü münasibətilə iyulun 28-də ilk öncə İsmayıllı Şəhidlər Xiyabanında Cəmilin məzarı ziyarət olundu, ruhuna dualar oxundu.

Ziyarətdə Cəmilin ailə üzvləri, yaxınları, tələbə yoldaşları, İsmayıllı Şəhidlərinin ailə üzvləri, Şəhid Anaları, qazilər, hərbiçilər, İsmayıllı sakinləri, rayon rəhbərliyi, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi, ictimaiyyət nümayəndələri, təhsil aldığı 163 saylı  məktəbin müəllim kollektivi iştirak etdi.

Şəhid Cəmil Məmmədlinin və Şəhidlər Xiyabanında uyuyan Birinci və İkinci Qarabağ Müharibəsi Şəhidlərinin məzarları bir-bir ziyarət olundu, üzərlərinə əklil və gül dəstələri düzüldü.

Şəhid Cəmilin məzarı başında çıxışlar edildi, məktəblilər tərəfindən şeirlər səsləndirildi, Cəmil Məmmədli və cəmi Şəhidlərin ruhlarına dualar oxundu. Vurğulandı ki, Azərbaycan xalqı bizə Böyük Qələbə bəxş edən qəhrəman Şəhidlərimizlə qürur duyur. Qanı, canı ilə qəhrəmanlıq dastanı yazan hər bir Şəhidimiz Qələbə və Zəfər Şəhididir.

Daha sonra Cəmil Məmmədlinin ata-baba ocağında rayon rəhbərliyinin iştirakı ilə anım mərasimi keçirildi.

İlk öncə Dövlət himni səsləndirildi, Şəhidlərimizin əziz və əbədiyaşar xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Anım mərasimində İsmayıllı ictimaiyyəti nümayəndələri, ziyalılar, Şəhidin ailə üzvləri, yaxınları, o cümlədən şair-publisist Şahməmməd Dağlaroğlu, jurnalist Kamil Həmzəoğlu, Şəhid Aqil Mirzəliyevin anası Aynurə xanım, Cəmilin atası Habil bəy, dayısı Mahir bəy, dayısı Dilqəm bəyin həyat yoldaşı – tanınmış pedaqoq Bikəxanım xanım, İsmayıllı Təhsil İdarəsinin nümayəndəsi və YAP Səbail rayon təşkilatının baş məsləhətçisi Bəyim Nəbiyeva çıxış etdilər.

Şəhid Cəmilin valideynləri belə bir gündə onları tək qoymadıqları üçün ailələri adından mərasim iştirakçılarına təşəkkür etdilər. Qəhrəman övladları ilə fəxr etdiklərini söyləyən məğrur valideynlər Şəhid ailələrinə göstərilən diqqətə və qayğıya görə ölkə başçısına, İsmayıllı və Səbail rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Mərasim zamanı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tərəfindən Şəhidin ailəsinə “Füzulinin azad olunmasına görə” medalı təqdim olundu.

Eyni zamanda, icra başçısına Cəmil Məmmədlinin anası Aygün xanım tərəfindən Şəhid ailələri adından xatirə plaketi təqdim edildi. Nahid Bağırov da öz növbəsində Şəhid ailələrinə minnətdarlıq və təşəkkürlərini ifadə etdi.

Anım mərasimində Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbin şagirdləri və 1 saylı uşaq bağçasının körpə fidanlarının ifasında Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirildi.

Sonda ehsan süfrəsi verildi.

İsmayıllıda təşkil olunan anım mərasimində YAP Səbail rayon təşkilatının aparat əməkdaşları və fəal gənclər iştirak etdilər.

Qəhrəman övladımız Cəmil! Ruhun şad, məkanın cənnət olsun, məzarın nurla dolsun! Azərbaycan xalqı əbədi olaraq səninlə, sənin kimi igid oğulları ilə fəxr edəcək və sənin qəhrəmanlığını, mərdliyini, fədakarlığını, əziz xatirəni və şəkillərdəki təbəssümünü daima yaşadacaqdır. Cəmilin ailəsinə, yaxınlarına Allahdan səbr diləyirik. Vətən sağ olsun!