Vaksinasiya xəstəliyə yoluxmaların, ağırlaşmaların və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir
30.07.2021Pandemiya yayıldığı ilk günlərdən respublikamızda dövlət səviyyəsində ciddi, ardıcıl, sistemli və dünya dövlətlərinə nümunə olan tədbirlər həyata keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiqləndi. Həmçinin Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Yüksək səviyyədə təchiz edilmiş 20-dən çox xüsusi modul xəstəxananın yaradılması, Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gətirilməsi, eyni zamanda qabaqlayıcı tədbirlər çərçivəsində ölkədə xüsusi laboratoriyaların yaradılması koronavirusla mübarizədə əlavə imkanlar yaratdı. Ölkə başçısının qeyd etdiyi: “Bizim üçün prioritet məsələ, mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm, insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir” sözləri dövlətin apardığı siyasətin başlıca istiqamətinin göstəricisidir. Cənab Prezidentin vətəndaşların sağlamlığını başlıca prioritet olaraq müəyyənləşdirməsi Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ilk ölkələr sırasında olmasını da təmin etdi.
COVID-19 pandemiyası ilə mübarizə hələ başa çatmayıb. Digər dövlətlər kimi, Azərbaycan da bu mübarizədə vaksinasiyanın aparılması mərhələsindədir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizin daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi yoxdur.
Vaksinasiya prosesi pandemiyaya qarşı mübarizənin ən həssas və ən məsuliyyətli dövrüdür. Bu prosesin uğurla başa çatması COVID-19 pandemiyası ilə mübarizənin yekunlaşma, bəlkə də başa çatdırılma mərhələsidir. Araşdırmalar nəticəsində təsdiq olunub ki, 2-ci doza vaksin immun hüceyrələrinə təsir edir və antitellərin sayını artırır. Koronavirusa qarşı antitellərin yaranmasını araşdıran “Stanford Universiteti”nin mütəxəssislərinin vaksinasiya olunmuş könüllülər üzərində apardıqları çalışma nəticəsində məlum olub ki, normalda hərəkətsiz olan bir qrup immun hüceyrə ikinci doza vaksin sayəsində hərəkətə keçib. Mütəxəssislərə görə, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza vaksin vurulması məqsədəuyğun hesab olunur. Qüvvətləndirici doza kimi istənilən vaksin növü istifadə oluna bilər.
Əminik ki, əhali dövlətin bu istiqamətdə apardığı siyasətin də uğurla başa çatmasında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirəcəkdir.