Xalq artisti Amaliya Pənahovanın xatirə barelyefinin açılış mərasimi keçirildi
02.08.2021Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan Xalq artisti (1985), Azərbaycan Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahova Azərbaycanın ən sevimli teatr və kino xadimlərindən biri idi. Azərbaycan xalqı onu çox sevirdi. Amaliya xanım 40 il teatr sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdır. Müstəqillik dövründə dövlətimiz tərifindən ən ali mükafatlara layiq görülmüşdür. Yaşadığı binada barelyefinin qurulması dövlət tərəfindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir.
Avqustun 2-də görkəmli teatr və kino xadimi, Xalq artisti, dövlət mükafatı laureatı Amaliya Pənahovanın Bakı şəhərində yaşadığı binanın (Fikrət Əmirov küçəsi 1) fasadında barelyefinin açılış mərasim keçirildi. Mərasimdə mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri, Xalq artisti Azər Paşa Nemətov, xalq artistləri Həmidə Ömərova, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Rasim Balayev və aktrisanın digər həmkarları, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, respublikamızın ictimaiyyəti nümayəndləri, ziyalılar, Amaliya xanımın ailə üzvləri, yaxınları və sənətsevərlər iştirak etdilər.
Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək Amaliya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirdi. Sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir qeyd etdi ki, bundan sonra da teatr sahəsində Amaliya xanım kimi, yetişdirdiyi sənət adamları da fədakarlıq göstərərək onun yolunu davam etdirəcək, arzularını həyata keçirəcəklər.
Anar Kərimov bildirdi ki, Amaliya xanım 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə “Əməkdar artist”, 1985-ci ildə isə Azərbaycan SSR-in “Xalq artisti” fəxri adları verilib. 1982-ci ildə “İlin aktrisası” elan edilib, 1998-ci ildə isə Türk dünyası kino festivalında türk xalqlarının altı populyar artisti sırasında adı qeyd olunub. Böyük sənət fədaisi 1995-ci ildə “Şöhrət”, 2013-cü ildə “Şərəf” ordenlərinə, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb. Prezidentin fərdi təqaüdçüsü idi.
Vurğulandı ki, Azərbaycan dövləti və xalqı Amaliya Pənahovanın xatirəsini daim əziz tutur, mədəniyyətimizin inkişafındakı xidmətlərini təqdir edir.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açdı: “Amaliya xanımın bir neçə mənzili var idi. Çalışdığı teatr, kinostudiya və Milli Məclis onun evi idi. Onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq. Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız həyat buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.
YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev görkəmli aktrisa Amaliya Pənahovanın sənət yolu ilə yanaşı, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışdı. Ş.Hacıyev vurğuladı ki, Amaliya xanımın sənət fəaliyyəti teatr ilə məhdudlaşmırdı. Amaliya xanımın Milli Məclisin deputatı kimi fəaliyyətindən bəhs edən sədr diqqətə çatdırdı ki, böyük sənətkarımız uzun illər YAP Səbail rayon təşkilatının Rayon Şurasının və İdarə Heyətinin üzvü, eləcə də YAP Qadınlar Şurasının ən fəal üzvləridən biri kimi bütün varlığı ilə bağlı olduğu müstəqil dövlətçiliyimiz üçün ziyalı mövqeyini daim cəsarətlə nümayiş etdirmiş, Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev siyasətinin yorulmaz və fədakar təbliğatçısı olmuşdur. YAP Səbail rayon təşkilatında üç ildən çox müddətdə Amaliya xanımla birlikdə fəaliyyət göstərmək imkanı olduğunu qeyd edən Ş.Hacıyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə 2017-ci ildə keçirilən silsilə tədbirlər çərçivəsində Səbail rayon ictimaiyyətinin Böyük Qayıdışın rəmzi olan Cocuq Mərcanlı kəndinə ziyarətini xüsusi xatırladı. Bildirildi ki, Amaliya xanımın bu səfərdə fəal iştirakı, cəbhə bölgəsində əsgərlər üçün Bakı Bələdiyyə Teatrı tərəfindən nümayiş olunan səhnəciklər səngərdəki əsgərlər və bütün hərbiçi-zabit heyəti üçün unudulmaz xatirə oldu. Sənətkarın çoxşaxəli fəaliyyətinə diqqət çəkən Ş.Hacıyev bildirdi ki, “Amaliya xanım özünəməxsus məktəb formalaşdırmışdı. O, xalqına sənəti kimi bağlı insan idi. Onun həyat və fəaliyyəti həm də çoxmənalı idi. Dövlətimiz də daim Amaliya xanımın fəaliyyətini yüksək qiymətləndirib.” Böyük sənətkarımıza Allahdan qəni-qəni rəhmət diləyən Ş.Hacıyev vurğuladı ki, nə qədər Azərbaycan teatrı, səhnəsi var, Amaliya xanımın əziz xatirəsi də yaşayacaqdır.
Xalq artistləri Azər Paşa Nemətov, Rasim Balayev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani və digərləri çıxış edərək unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdülər, onun sənət dünyasından bəhs etdilər. Çıxışlarda qeyd edildi ki, Amaliya xanım, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. Sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Amaliya Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Sonra müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsildi.
Qeyd edək ki, Xalq artisti Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.
http://mct.gov.az/
https://azertag.az/