Şərəfli həyat və döyüş yolu keçən, Vətənə olan sonsuz sevgisi ilə qəlblərdə əbədi həyat qazanan qəhrəman Şəhidimiz Cəmil Məmmədli
04.08.2021ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLU KEÇƏN, VƏTƏNƏ OLAN SONSUZ SEVGİSİ İLƏ QƏLBLƏRDƏ ƏBƏDİ HƏYAT QAZANAN QƏHRƏMAN ŞƏHİDİMİZ CƏMİL MƏMMƏDLİ
Yolum ilk dəfədir ki, Səbail rayonunda Bayılın Buxta küçəsinə düşür. YAP Səbail rayon təşkilatının gəncləri olaraq 44 günlük Vətən müharibəsinin qəhrəman Şəhidi Şükürlü Nicat Ayaz oğlunun ailəsini ziyarət edəcəyik.
Buxta küçəsinin girişində bizi Şanlı ay-ulduzlu bayraqlarımız – Azərbaycan-Türkiyə bayraqlarının qürurla dalğalandığı və Şəhid Şükürlü Nicat Ayaz oğlunun və Şəhid Məmmədli Cəmil Habil oğlunun şəkilləri olan böyük Şəhid lövhəsi qarşılayır.
Bir neçə uzun dəqiqə məğrur baxışlı igilərimizin şəklindən gözümü ayıra bilmirəm. Vətən müharibəsi bizə o qədər çox şey öyrətdi ki… Harada bir Şəhid şəkili görsəm 5 dəqiqə, bəlkə 10 dəqiqə, bəlkə dəqiqələrcə şəkildən mənə baxan qəhrəmanımızla göz-gözə gəlirəm. Sağlığında şəxsən tanımadığım Vətən oğlunun indi şəkilinə baxaraq qəlbindəki Vətən sevgisini, mərdliyini, fədakarlığını, yarım qalan arzularını, xəyallarını o şəkilindən oxumağa, duymağa, hiss etməyə çalışıram. Adını eşitdiyim, oxuduğum, Şəhidlik xəbərlərində şəkilini gördüyüm Nicatı da ilk dəfə bu lövhənin qarşısında xəyalımda canlandırıram.
Vətən müharibəsinin Səbail rayonundan olan Şəhidlərinin əlimdə tutduğum və əzbər bildiyim siyahısına bir də baxıram. Cəmil… Siyahıda Cəmilin adı yoxdur.
Necə ola bilər? Axı 44 günlük şanlı, şərəf mübarizəsində Səbail rayonuna gələn hər Şəhidimizi ürək ağrısı ilə, canımız yana-yana, eyni zamanda böyük qürurla qarşılamışıq. Hər bir qəhrəmanımızın dəfnində böyük izdiham, insan seli olub. Azərbaycan xalqı hər bir igid oğlunu son mənzilə layiqli şəkildə yola salıb. O oğullar müqəddəs Şəhidlik siyahısına, qəlbimizə, ruhumuza həkk olunub: Səbail rayonunun İkinci Qarabağ müharibəsindəki qəhrəman Şəhidləri – Ağayev Cavidan, Şükürlü Nicat, Hüseynov İsmayıl, Əhədzadə İlkin, İsmayılov Orxan, Tağıyev Əli, Qurbanov Murad, Nağıyev Əli, İbrahimli Cavidan, Budaqov Yusif, Qənbərov Bilal, Teymurov Vüsal, Əliyev Fərid və Həsənov Vüsal. Hər Şəhidimiz üçün ürəyimiz parçalandı, hər Qəhrəmanımız üçün yüksək fəxarət hiss etdik. Çünki bu Şəhidlərimizin hər biri Qələbə Şəhidləridir, bir Şəhidimiz yüzlərlə Azərbaycan əsgərini xilas edib, Vətən torpağı üçün sinəsini sipər edib. Şəhidlərimiz işğaldan azad olunan hər bir kəndimiz, rayonumuz, yaşayış məntəqəsi üçün mənfur düşmənlə ağır döyüşdə qəhrəmanlıqla döyüşüblər, torpağı qanları ilə suvarıblar, o torpağa Vətən deyərək ailəsinə, xalqımıza qələbə qazandırıblar, qanı-canı bahasına qoruduğu, ata-baba yadigarı şanlı üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancıblar və Allah dərgahında ən yüksək məqama – Şəhadət zirvəsinə ucalıblar. Allah bütün Şəhidlərimizin ruhunu şad etsin!
Cəmil…Demək ki, Buxta küçəsində bir yox, iki Şəhidimiz var. İkisinin də baxışlarında düşmənə aman verməyən cəsarət, yurdu yaşatmaq üçün canından keçəcək qədər mərdlik, şücaət və sonsuz Vətən sevgisi olan igid Vətən oğulları – Nicat və Cəmil…
Buxta küçəsi ilə ilərləyirik. Buradan Bayıl Buxtasına, Bakı Bulvarına heyrətamiz mənzərə açılsa da, küçənin özü dar, narahat və baxımsızdır. Maşın gələndə piyada divara, ya hansısa qapıya qısılmaq məcburiyyətindədir ki, maşın o dar yoldan keçə bilsin. Buxta küçəsi ilə ilərlədikcə düşünürəm ki, bu ilk baxışda dar, narahat küçədə iki qəhrəman böyüyüb, boya-başa çatıb, yəqinki iki zəhmətkeş ailə övladlarını, Nicatı, Cəmili bu küçə ilə bağçaya, məktəbə aparıb, Azərbaycan gəncliyinin fəxri olan bu gənclər bu yollarda səhər-axşam gedib-gəlib, ali təhsil alıb, işləyiblər. Yəqin ki, ikisinin də həyatla bağlı böyük ümidləri, arzuları olub, amma Vətənin onlara ehtiyacı olduğu anda, Vətən torpaqlarının azadlığı uğrunda müharibə başlayan məqamda Nicat da, Cəmil də əsl Azərbaycan-Türk oğullarına layiq şəkildə ön cəbhədə, düşmənlə üz-üzə öz yerlərini alıblar, Vətənə şərəflə xidmət göstəriblər, bu yolda can alıblar, qan töküblər, can veriblər və düşməni dədə-baba torpaqlarımızdan iti qovan kimi qovublar.
Bu düşüncələrlə getdiyim Buxta küçəsində bizi ilk olaraq Nicatın o günlərdə bir evin divarından asılmış böyük şəkili qarşılayır. Əlində silah, hərbi formada, məğrur görkəmli, baxdıqca insana güvən hissi yaşadan, cəsarətli baxışları ilə ürəyimi fəxarətlə dolduran qəhrəman Şəhidimiz Nicat.
O şəkil indi orda yoxdur, əvəzində evinin qarşısında başqa daha gözəl, daha rəngli, daha fərqli şəkilləri ucaldılıb.
Amma mən Nicatı o ilk günlərdə bura gəldikdə gördüyüm şəkildəki kimi xatırlayıram, hər dəfə evlərinin qarşısından keçəndə indi boş olan o divara baxıram və qəribə hisslər yaşayıram. Bəli, Nicat gənc yaşında cismən aramızdan ayrılaraq haqq dünyasına köçdü. Allah Ona o qədər yüksək məqam nəsib etdi ki, Nicatın şəkili harada varsa yanında Azərbaycanın şanlı bayrağı dalğalanır, Nicatın şəkilinin önündən keçən hər kəs mütləq ayaq saxlayır: “Ruhun qarşısında baş əyirik, igid Nicat!” deyir. Bilirəm, ailəsi üçün, anası Yeganə xanım, atası Ayaz müəllim, bacısı Nigar xanım üçün bu itki çox ağır itkidir, nə desək, nə etsək, Nicat əvəzolunmazdır. Tək təsəllimiz Qələbəmizdir, Nicat qanıyla, canıyla Azərbaycanın qəhrəmanlıq dastanını yazdı, Allah dərgahında ən yüksək məqama ucaldı, o məqamı da Allah hər kəsə nəsib etmir. Ruhun şad olsun, Şəhid qardaşım Nicat! Vətənin sənə ehtiyacı olduğu anda ön cəbhəyə yollanan ilk könüllülərdən oldun, “Mən cəbhəyə getməsəm, analarımızın gözünə baxa bilmərəm” dedin, səndən 1-2 gün əvvəl çağırılan dostunu yola salanda “Bəs mən? Məni niyə aparmırlar?” dedin və nəhayət o arzuna çatdın, Azərbaycanın Böyük Qələbəsi üçün, Vətənin üçün sevinə-sevinə, toya-bayrama gedərcəsinə döyüş bölgəsinə, ön cəbhəyə yollandın. Vətən torpaqlarının azadlığı uğrunda ağır döyüşlərdə iştirak etdin, yaralı silah yoldaşlarını döyüş meydanından çıxartdın. Anası Yeganə xanım bu gün də deyir ki, Nicat o qədər mərd, qorxmaz idi ki, biz heç vaxt inanmazdıq ki, ona nəsə ola bilər. Sənin kimi mərd, düşmənin və ölümün gözünə dik baxa bilən oğullarımız, sizlər Vətən torpaqlarını azadlığına qovuşdurdunuz, Azərbaycan xalqının Vətən həsrətinə son qoydunuz, xalqımızın başını uca etdiniz. Ruhun daima şad olsun, qəhrəman Nicat!
Şəhid Nicatımızın sadə, yığcam, isti ailə ocağı hiss olunan evlərini ziyarətdən sonra Cəmilin evini tapmaq üçün Buxta küçəsi ilə yolumuza davam edirik. Uzaqdan bir divara sancılmış üçrəngli bayrağımızı görürük. O bayrağa çatanda Şəhid lövhəsindən bizə baxan nur üzlü Şəhidimizlə, Cəmillə göz-gözə gəlirik. (1999-∞) təvəllüdlü Cəmil…
Vətən uğrunda fədakarlığı və şərəfli, ucadan uca ölümü ilə əbədi həyat qazanan, adını qızıl hərflərlə əbədiyyətə həkk edən və şəklinin, adının yanında şanlı Azərbaycan bayrağını qürurla dalğalandıran daha bir qəhrəmanımız – Cəmilin evinin qarşısındayıq.
Demək ki, mən bu Buxta küçəsinə böyük haqsızlıq etdim. Dar küçələri, narahat səkiləri, kiçik evlərində yaşayan mərd, gözəl, vətənpərvər insanlar Vətən üçün dağ ürəkli oğullar yetişdirdilər. 44 gündə balaca bir küçədən Vətən uğrunda iki qəhrəman Şəhid getdi. Azərbaycan xalqını böyük xalq edən elə bu mərdlik, ürəyi genişlik, bu vətənsevərlikdir.
Cəmilin şəklinin vurulduğu lövhənin tərtibatına baxıram, şəklin yanındakı gül dibçəkləri, nəcib tərzdə divara vurulmuş işıqlar və Cəmilin ruhu, baxışları, təbəssümü qədər zərif güllər. Elə sadəcə bu kiçik lövhədə ailəsinin Cəmilə olan böyük məhəbbətini hiss edirəm. Hər şey kiçik detalına qədər o qədər gözəl düşünülüb ki, evlərinə daxil olmadan öncə 10-15 dəqiqə sadəcə bu lövhəyə, güllərə, işıqlara, şəkildən mənə qürurla təbəssüm edən Cəmilə baxıram. Ruhu sanki məni salamlayır… Cəmillə göz-gözə gəldikcə hazırda ən yüksək məqamda çox rahat olduğunu, bayrağı ilə, Vətəni ilə, ailəsi ilə, anası ilə, atası ilə, bacısıyla, küçəsiylə, xalqı ilə qürur duyduğunu hiss edirəm. Cəmilə baxdıqca üzümdə bir təbəssüm yaranır, sanki Cəmil özü burdadır, məni özü qarşılayır. Uzun-uzun lövhəyə baxdıqdan sonra, həmin divardan biraz yuxarıda pilləkəndən qalxanda yenə güllər, yenə qürurla dalğalanan Şanlı bayrağımızı və Cəmilin bizə təbəssümlü baxışlarını görürəm.
“Şəhid Cəmil Məmmədlinin Evi” yazısını oxuyuram. Bir anlıq gözümün qabağında canlanır ki, Cəmil bu qapıdan çıxıb bağçaya, məktəbə, ali məktəbə, işə gedib, axşam, gecə evə gəlib. İlk dəfədir gəldiyim qapının arxasında nə görəcəyimi, kimlərlə qarşılaşacağımı bilmirəm, amma ürək rahatlığı ilə qapını döyürəm. Çünki Cəmil mənə təbəssüm edir, “Evimə xoş gəlmisiniz” deyir. Bu mərd, məğrur baxışlı, nur simalı oğulu yetişdirən ailə ilə tanış olacağım üçün çox həyəcanlıyam. Qapı açılır və biz kiçik bir mətbəxə daxil oluruq. Bu xoş auralı mətbəxdə insan sanki çox rahat, isti məkana, ailə ocağına daxil olur, hara baxsan Cəmilin şəkillərindəki qürurlu gözləri adama rahatlıq bəxş edir. Çox alicənab, mədəni, mehriban, yaralı qəlbləri gözlərindən, baxışlarından hiss olunan Aygün Ana, Habil Ata, bir müddət sonra isə ilk baxışdan qardaşını nə qədər çox sevdiyi hiss olunan, bir anlıq çöhrəsinə gözəl təbəssüm qonan, bir neçə dəqiqədən sonra qardaşını düşünürək hüzünlənən bacısı Aybəniz xanımla tanış oluruq. Cəmil də, Nicat kimi evin tək oğlu, dayağı, ananın-atanın bel bağladığı nəslin davamçısı idi. Bizi yuxarı dəvət edirlər. Divarları Cəmilin şəkilləri ilə, Cəmilin əziz xatirə guşəsi ilə canlanan qonaq otağı. Xəyalımda canlandırıram ki, bu isti ailə ocağında, amma kiçik evdə iki uşaq böyütmək necə çətin olub. Qonaq otağına da daxil olan kimi bizi gözəl təbəssümü, məğrur baxışları, nurlu siması ilə şəkillərdən baxan Cəmil qarşılayır.
İlk dəfədir ki, tanış olduğum ailəyə Cəmil haqqında, Şəhidliyi haqqında suallar verirəm, Ana, Ata, Bacı Cəmil haqqında qürurla danışır, gözyaşları dayanmır, Cəmilin uşaqlıq, gənclik xatirələri yada düşdükcə hamının üzündə hüzünlü bir təbəssüm yaranır. Ananı, Atanı dinləyirəm, onlarla göz təması qururam, amma yenə gözümü Cəmilin ən böyük, ən mərkəzdəki, ən gözəl çərçivədəki şəklindəki baxışlarından, qürurlu, rahat, güvənli təbəssümündən ayıra bilmirəm…
Bu ilk görüşdən sonra Cəmilin boya-başa çatdığı, Şəhidimiz işıqlı ruhunu hiss etdiyim evini bir neçə dəfə ziyarət etmişəm. Cəmili tanıdıqca, Onun haqqında oxuduqca, qohum-əqrəbasının, dost-tanışının Onun haqqında danışdıqlarını can qulağı ilə dinlədikcə, Cəmilin videolarına baxdıqca Şəhidimizin nurlu simasında, baxışlarındakı o məğrurluğu daha yaxşı dərk edirəm.
İsmayıllı torpağında dünyaya göz açan Cəmil Bakıda, Səbaildə, Bayılda böyüyüb, 163 saylı Bayılın ən böyük və tarixi məktəblərindən birindən məzun olduqdan sonra Azərbaycan Texniki Universitetinə daxil olub. Cəmilin ailəsi ilə hər görüşdə hiss edirəm ki, Ana-Ata Cəmili çox böyük məhəbbətlə böyüdüblər, Ona gözəl tərbiyə veriblər. Zəhmətkeş ailədə, kiçik evdə, amma isti, geniş ürəkli insanların məhəbbəti əhatəsində böyüyən Cəmil kiçik yaşlarından zəhmətin dəyərini bilib. 16 yaşından işləməyə başlayan Cəmil ödənişli təhsil aldığı universitetin təhsil haqqını da gecələr işləyərək özü ödəyib. Ailəsinə, yaxınlarına heç vaxt əziyyət verməyib. Qohum-əqrəbanın, dost-tanışın, qonşularının hamısı Cəmili mədəni, diqqətcil, mehriban, zarafatcıl, qohumcanlı, ailəcanlı, dostcanlı gənc kimi xatırlayır.
Ali təhsilini başa vurduqdan sonra 2020-ci ilin iyulunda Cəmil hərbi xidmətə getməliydi. Azərbaycan torpaqlarının azadlığı, şərəf mübarizəsinin, Vətən müharibəsinin ilk qığılcımı olan Tovuz döyüşlərindən sonra ön cəbhədən, təmas xəttindən gərgin vəziyyət haqqında xəbərlər gəldikcə valideynləri Cəmil üçün həyəcan keçirirdilər. Amma oğulları Vətənin belə bir ağır günündə hərbi xidmətə yollanacağı üçün qürurlu idilər. Çünki, Cəmil o qədər qəlbi gözəl, yardımsevər, nümunəvi övlad, gənc idi ki, Allah Cəmili qorumalı idi, 21 yaşlı Cəmil hələ Vətəni üçün çox işlər görəcək, dünyamızı gözəlləşdirəcəkdi…
Cəmil özü də hərbi xidmətə sevinə-sevinə, yüksək əhval-ruhiyyədə yollandı. Bircə an olsa da tərəddüd etmədi, çünki Ona belə tərbiyə vermişdilər, nə olursa olsun, öncə Vətən idi…Ailəsi Cəmillə axırıncı dəfə 2020-ci ilin avqustunda hərbi hissədə görüşmüşdü…
2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqı üçün unudulmaz tarixi gün oldu. Qələbəyə, Vətən torpaqlarının azadlığına həsrət olan Azərbaycan xalqı cəbhədən bir anda işğaldan azad olunmuş yaşayış məntəqələri, qələbələr haqqında xəbərlər almağa başladı. Sevinc, qürur gözyaşları hər bir azərbaycanlını qəhərə boğdu…O gün gəlmişdi, 30 ildir həsrətlə gözlədiyimiz, Böyük Qələbəni arzuladığımız o gün gəlmişdi, ön cəbhə, təmas xətti yarılmışdı, Şanlı Azərbaycan əsgəri düşmənin başına od ələyərək Vətən torpaqlarını azad etməyə başlamışdı. Bütün Azərbaycan xalqı ayağa qalxdı, yer-göy Şanlı Azərbaycanın ay-ulduzlu, üçrəngli bayraqları ilə bəzəndi, cəbhədən hər qələbə, azad olunan yeni torpaqlarımız haqqında xəbərlər gəldikcə ürəyimiz dağa döndü. Sonra ilk Şəhidlərimizin xəbəri gəlməyə başladı. Qələbə sevincinin gözyaşları Şəhidlərimizin ağrısı, acısı ilə ürəyimizi sızlatdı. İndi o günləri xatırladıqca düşünürəm ki, İlahi, oğlunun, canından canının ön cəbhədə, düşmənlə üz-üzə olduğunu bilən, oğlundan xəbər ala bilməyən, hər an, hər saniyə bir xəbər üçün alışıb-yanan analar, atalar o günləri necə yaşayıb? …
Cəmil müharibə başladığı günlərdə 3 ayın əsgəri idi. İndi şəkillərdə, videolarda gördüyümüz sakit təbiətli, utancaq, şəkillərdə hər zaman qıraqda, kənarda duran oğlanın böyük ürəyindəki cəsarətə baxın ki, müharibənin ilk günlərində ön cəbhəyə, qızğın döyüş bölgəsinə göndərilməsi üçün komandanlığına könüllü olaraq müraciət edib. Ailəsinin narahat olmaması üçün bu haqda onlara məlumat verməyib. Müharibə başlayandan ailəsi Cəmil ilə üç ya dörd dəfə danışa bilib. Ailəsini arxayın salmaq üçün hər dəfə “Mən geridəyəm, döyüşmürəm” deyən Cəmil sən demə Füzuli uğrunda gedən ən ağır döyüşlərdə iştirak edibmiş, həm də təkcə Füzuli uğrunda yox, Xocavəndə qədər gedib çıxmışdı aslan ürəkli Cəmil. Ailəsi bütün bunları Şəhidlikdən sonra Cəmil Füzulinin və Xocavəndin azad olunmasına görə medallar aldıqda döyüş yoldaşlarından öyrənirlər.
Cəmillə birlikdə döyüşlərdə olan, iki-üç gündən bir Onunla görüşən Vətən müharibəsi iştirakçısının bir müsahibəsini oxudum. Şahidlər deyir ki, Cəmil döyüş tapşırığından sonra dincəlmək üçün son dərəcə yorğun gəlir. Bu vaxt təcili olaraq irəlidə, neytral zonada çətin döyüş tapşırığı komandası verilir. Bu döyüş tapşırığına da könüllü əl qaldıraraq getmək istədiyini deyən ilk Cəmil olur.
Düşmənin və ölümün üzərinə əsl qəhrəman kimi şığıyan və namərdin xain gülləsinə tuş gələn Cəmil bir anlıq arxaya dönərək silah yoldaşlarına baxır və üzündə təbəssümlə Şəhid olur. İndi hər şəklinə baxdıqca o məqam gözlərimin önünə gəlir, Cəmil! Mən o müsahibəni oxumamışdan öncə də sənin məhz belə, mərdcəsinə, qəhrəman kimi döyüş meydanında düşməndən özünün və Şəhid qardaşlarının qisasını artıqlaması ilə aldıqdan sonra üzündə təbəssümlə Şəhid olduğunu düşünürdüm. Ona görə şəkillərindəki məğrur baxışlarını, nurlu təbəssümünü gördükcə mən də təbəssüm edirəm. Qəhrəman Cəmil! Bilirəm ki, ən gözəl, yüksək məqamdasan, rahatsan, çünki əsgər yoldaşların qanınla Vətənə çevirdiyin torpaqları işğaldan azad etdi, mənfur düşməni torpaqlarımızdan iti qovan kimi qovdu, sənin qanının qisası da dəfələrlə alındı. Uğrunda canını fəda etdiyin üçrəngli bayrağımız sənin kimi mərd, cəsur oğullarımız sayəsində bu gün qürurla dalğalanır. Harada Azərbaycan bayrağı varsa, sənin də müqəddəs ruhun ordadır.
Oktyabrın 14-dən 15-nə keçən gecə Füzuli uğrunda ağır döyüşlərdə Şəhadət zirvəsinə ucalan Cəmil müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev tərəfindən 4 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
21 yaşlı Azərbaycan gənci – Məmmədli Cəmil Habil oğlu ona nəsib olan həyat yolunu şərəflə, kişi kimi yaşadı, zəhmətsevərliyi, Vətənə bağlılığı, ailəcanlığı, dostcanlığı ilə sağlığında ailəsinin başını daima uca etdi. Allah Cəmilin taleyinə hər kəsə nəsib etmədiyi ən uca məqamı – Vətən uğrunda Şəhidliyi yazdı. Cəmilin qəlbinin gözəlliyi, dürüstlüyü bəlkə də bizim bu ziddiyyətli, kirli dünyamıza layiq deyildi. Allah Cəmili müqəddəs dərgahına yüksəltdi. Cəmil cismən bu dünyadan köçsə də, indi Cəmili sağlığında tanıyan, tanımayan yüzlərlə, minlərlə insanın qəlbində ən yüksək məqamda özünə əbədi həyat qazandı. Cəmilin şərəfli həyat yolu, döyüş yolu Azərbaycan gəncləri, gələcək nəsillər üçün böyük örnəkdir. Cəmili mənim kimi ilk olaraq şəkillərdə görən hər insan bu gəncin nümunəvi həyat yolu ilə tanış olduqca, Onu böyüdən, bu Vətənə bəxş edən ailəsini yaxından tanıdıqca Cəmillə qürur duyur, Onun kimi olmaq, Onun kimi yaşamaq və lazım olan məqamda Onun kimi Vətən uğrunda mərdliklə, şərəflə canını fəda etmək istəyir.
Cəmil indi Şəhid qardaşları ilə birlikdə İsmayıllı Şəhidlər Xiyabanında uyuyur. İsmayıllı torpağında dünyaya göz açan, yaşından böyük olan müharibəyə, münaqişəyə, işğal faktoruna son qoyulmasında, Vətən torpaqlarının azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpasında igidliyi, şücaəti ilə əlində silah iştirak edən, Azərbaycan xalqının möhtəşəm, tarixi Qarabağ Zəfərinin əldə olunmasında payı olan Cəmil ata-baba torpağında özünə əbədi şərəfli məskən qazandı. İsmayıllı Hərbi Komissarlığından hərbi xidmətə yollandığı üçün Səbail Şəhidlərinin siyahısında adı yox idi Cəmilin. Qəhrəman Şəhidimiz Nicatın işıqlı ruhu vəsilə oldu, Nicatın ailəsini ziyarətə gəldiyimiz Buxta küçəsində daha bir qəhrəmanımızı – Cəmilimizi tanıdıq, gözəl, əsl Azərbaycan xalqının dəyərələrinə sahib olan ailəsi ilə tanış olduq. İndi tez-tez bu mehriban, qəlbi yaralı ailəmizi ziyarət edirik. Cəmilin məzarı başında Şəhidlər Xiyabanında elə böyük huzur, sakitlik, müqəddəslik var ki, bu narahat dünyamızda bəlkə də əsl rahatlıq hiss etdiyim nadir yerlərdəndir.
Cəmil Azərbaycan xalqının qəhrəmanlıq dastanını qanı ilə, canı ilə yazan qəhrəmanlarımızdandır. Cəmilin nurlu simasında bütün Şəhidlərimizi bir daha dərin ehtiramla yad edirəm, Cəmilin və cəmi Şəhidlərin ruhu qarşısında baş əyirəm. Cəmil kimi igid Vətən oğullarını böyüdən valideynlərə, ailələrə Azərbaycan gənci kimi minnətdarlığımı ifadə edirəm. 44 günlük Vətən müharibəsi bizim böyük, güclü, qəhrəman xalq olduğumuzu, Azərbaycan gəncliyinin nəyə qadir olduğunu sübut etdi. Cəmil kimi igid oğullar mənfur, xain düşməni döyüş meydanında, ərlik, igidlik meydanında diz çökdürdü, Azərbaycan xalqının, Türk millətinin gücünü, mərdliyini, şücaətini, Vətən sevgisini, qələbə əzmini, iradəsi, mübarizlik ruhunu bütün dünyaya nümayiş etdirdi.
Biz Cəmilimizlə, Şəhidlərimizlə, qazilərimizlə, Şanlı Qələbə yolu keçən əsgər, zabitlərimizlə fəxr edirik. Azərbaycan bayrağı bu gün harada dalğalanırsa, Şəhidlərimizin də ruhu ordadır. Allah Azərbaycanımızı, Vətənimizi, dövlətimizi, Prezidentimizi qorusun. Azərbaycan xalqının işğaldan azad olunan torpaqlara Böyük Qayıdışı artıq başlayıb. İnşallah o torpaqlar cənnət məkana çevrildikcə, dədə-baba torpaqlarımızda xalqımızın tarixi, mədəni, dini irsi bərpa olunduqca, Azərbaycan xalqı orda firavan yaşadıqca Vətənin ərazi bütövlüyü uğrunda canından keçən oğullarımızın, Cəmilin, cəmi Şəhidlərimizin ruhları şad olacaq.
Ruhun daima şad olsun, qəhrəman Cəmil! Qədirbilən Azərbaycan xalqı sənin qəhrəmanlığını, şücaətini, mərdliyini, fədakarlığını, qəlbinin gözəlliyini və gəncliyini əbədi olaraq yaşadacaq. Azərbaycan var olduqca, xalqımızın tarixi Qarabağ Zəfəri xatırlandıqca, sizlərin qəhrəmanlığı da yaşayacaq. Biz Cəmilimizi hər zaman gənc, mərd, məğrur baxışlı, cəsur ürəkli, əsl Azərbaycan-Türk övladı kimi xatırlayacağıq! Qəbrin nurla dolsun, Şəhidim!
Nəbiyeva Bəyim Azər qızı
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının baş məsləhətçisi