Şuşa Qarabağın tacıdır
02.09.2021Fuad Heydər
YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini
ŞUŞA QARABAĞIN TACIDIR
2021-ci il 30 avqust tarixində Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilmişdir.
Hələ 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı bir havada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şuşada bu məqbərənin açılışı olmuşdur. Uzun illər ermənilərin Şuşanı öz şəhəri kimi qələmə verməyə iddia etdikləri bir vaxtda Vaqifin məqbərəsinin məhz burada ucaldılması sıradan bir hadisə deyildi. Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində ucaldılan bu məqbərə Şuşanın Azərbaycan şəhəri olduğunu təsdiq edən təkzibedilməz faktdır.
Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri bərpa edildi, Vaqifin məqbərəsi və büstü yenidən açıldı.
Azərbaycan tarixinin qara səhifəsi artıq geridə qaldı. Artıq strateji əhəmiyyətli Şuşada böyük quruculuq işləri gedir, həyat dirçəlir. Torpaq həsrətli şuşalıların Şuşaya qayıdıb yaşaması üçün şəhərin baş planı əsasında birinci mərhələdə 3-5 mərtəbəli 25 yaşayış binasının inşası nəzərdə tutulur. Mənfur düşmənin qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma parlamenti üçün bina inşa etmək istədiyi yerdə beşulduzlu hotel inşa olunacaqdır.
“Xarıbülbül” hoteli istifadəyə verildi, ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirilərək mərkəzi meydanda qoyuldu. Üzeyir Hacıbəylinin abidəsi yenidən ucaldıldı, onun dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı.
Hazırda işğaldan azad edilmiş torpaqlarımızda böyük bərpa və quruculuq işləri gedir. “Yol mədəniyyətdir, inkişafdır” deyən müdriklərimiz yanılmayıb. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilmişdir. Füzuli şəhərindən tunellər daxil olmaqla magistral yolun çəkilməsi, Şuşanın elektrik təsərrüfatının bərpa edilməsi, Füzulidən buraya yüksəkgərginlikli xətlərin çəkilməsi, yarımstansiyanın tikilməsi, Şuşaya suyun verilməsi, Şuşanın tarixi abidələrinin bərpasına start verilməsi, Yuxarı Gövhərağa məscidinin təmirinin, demək olar ki, tamamlanması, Natəvan bulağının bərpa edilməsi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.
Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş və düşmən tərəfindən işğal edilsə də, qürurunu, əzəmət və vüqarını saxlayan doğma Şuşanın gələn il 270-ci ildönümü təntənəli şəkildə qeyd ediləcəkdir.
30 ilə yaxın davam edən danışıqlar öz həllini tapa bilməsə də, bu illər ərzində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, cəsarəti, əzmkarlığı və qətiyyəti sayəsində 44 günlük şanlı Vətən müharibəsində doğma torpaqlarımızın, Qarabağımızın işğaldan tamamilə azad edilməsi ilə sonlandı. Dözüm, səbir, ədalətə inam Azərbaycan xalqını Qələbəyə gətirdi.