YAP Səbail rayon təşkilatının yeni sədri partiya fəallarına təqdim olunub
21.09.2021Sentyabrın 21-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının yeni sədri Muxtar Nağıyev ərazi partiya təşkilatlarının sədrlərinin də iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatların partiya fəallarına təqdim olunub.
Əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin inzibati binasında ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülüb, ümummilli liderimizin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük inkişaf yolu keçdiyini bildirib. Bu inkişaf prosesində Yeni Azərbaycan Partiyasının üzvləri də fəal iştirak edirlər. Onun sözlərinə görə, ötən illər ərzində dövlətimizin başçısı tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar mühüm nəticələr verməkdədir.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilən VII Qurultayında mühüm qərarlar qəbul olunub. Belə qərarlardan biri də partiyanın yeni nizamnaməsinin qəbul olunmasıdır. Yeni nizamnamədə partiyanın yerli təşkilatları haqqında da vacib məsələlər öz əksini tapır. Sentyabrın 10-da Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclasında partiyanın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrlərinin təyin olunması haqqında qərar qəbul olunub.
Tədbir zamanı Muxtar Nağıyev çıxış edərək ona göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirib və bu etimadı layiqincə doğrultmağa çalışacağına əminliyini ifadə edib.
Eyni zamanda, tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Vüqar Zeynalov rayon təşkilatının yeni sədrini təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının üzvləri rayonların ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatındakı rolu və mühüm töhfələri haqqında danışan YAP Səbail rayon “Əhməd Cavad 12” ərazi ilk partiya təşkilatının sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı YAP Səbail rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzu etdi.
Qeyd edək ki, tədbirdə yerli təşkilatların gələcək fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələrə dair müvafiq tövsiyələr verilib.