Azərbaycan xalqının “Zəfər ili” qəhrəmanları
24.09.2021Vəliyeva Aysel Fuad qızı
YAP Səbail rayon təşkilatının mühasib-məsləhətçisi
AZƏRBAYCAN XALQININ “ZƏFƏR İLİ” QƏHRƏMANLARI
44 günlük Vətən müharibəsi xalqımıza zəfər, qələbə sevinci ilə yanaşı, qürur, fəxarət hissi də yaşatdı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki şəxslərimizin, bütövlükdə xalqımızın, hətta siyasi partiyaların bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Prezidentin ətrafında sıx birləşməsi düşmənin mənəvi və fiziki cəhətdən məhvini şərtləndirən ən vacib amil oldu. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu.
Hər zaman xalqın dəstəyinə arxalanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hərbi sahədə olduğu kimi, diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV nümayəndələrinə müsahibələr verərək dünya ictimaiyyətinə həqiqətləri çatdırmışdır. Hər biri Azərbaycanın diplomatik uğuru hesab edilən bu müsahibələr beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə edilən təzyiqlərin qarşısını müvəffəqiyyətlə almaqda dəmir sipərə çevrilmişdi.
Azərbaycan oğullarının, müharibədə şəhid olanların, qazilərimizin əzm və rəşadəti dillərdə dastan oldu. Azərbaycan xalqı bu mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, şəhid olmuş əsgər və zabitlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olmuşdur. Dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu siyasəti daima həyata keçirir. “Mən hər zaman qazilərin yanında olacağam”,- deyən Prezident İlham Əliyev yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində bir sıra vacib tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm addımlar atmış, müvafiq təşkilat və qurumlara tapşırıqlar vermişdir. Ehtiyacı olan bütün qazi və şəhid ailələri dövlət tərəfindən mənzillərlə təmin edilmiş, onların banklardakı kredit öhdəlikləri silinmişdir.
Eyni zamanda Azərbaycan Respublikası Prezidenti tərəfindən şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi, vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə “YAŞAT” fondu yaradılmışdır.
Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Respublikasının Prezidentinin öz xalqına, öz vətəndaşına və öz əsgərinə dövlət qayğısının bariz nümunəsidir.