Hadrutun alınması – Uğurlu hərbi əməliyyat
13.10.2021İsrafil Kərimov
AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laureatı
Hadrutun alınması – Uğurlu hərbi əməliyyat
Bir il öncə qələbə ilə bitən Hadrut əməliyyatı Vətən savaşının ən əhəmiyyətli dönüş mərhələlərindən oldu. Oktyabrın 9-da 44 günlük müharibənin 13-cü günü torpaqlarının işğaldan azad edilməsi üçün savaşa girən Azərbaycan Ordusu Hadrut qəsəbəsini işğaldan azad etdi.
Şuşaya daxil olmaq üçün Hadrut işğaldan azad edilməli idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən düzgün qurulmuş hərbi strateji plana uyğun olaraq, Azərbaycan Ordusu Hadrutu azad etdikdən sonra Şuşaya doğru istiqamət götürdü. Hadrut əməliyyatının uğurlu keçməsi proseslərin sonrakı gedişatını da həll etdi.
Çoxdan gözlədiyimiz bu şad xəbəri Ali Baş Komandanımız həmin gün xalqa müraciətində açıqladı: “Bu gün müzəffər Azərbaycan Ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Bunlar: Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndiləri. Bu kəndlərin və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi tarixi qələbəmizdir”.
Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etməyin önəmli olduğunu açıqlayan Prezident İlham Əliyev bu qəsəbənin işğaldan azad edilməsini böyük əhəmiyyətə malik olan bir əməliyyat adlandırdı.
Vətən müharibəsində dönüş yaradan Hadrut əməliyyatı düşmənin mövqelərini ciddi şəkildə sarsıtmaqla yanaşı, Azərbaycanın irəliyə doğru daha sürətlə getməsinə imkan yaratdı. Ermənilər Hadrut əməliyyatının II Qarabağ müharibəsinin ən əsas əməliyyatlarından biri olduğunu başa düşdükləri üçün bu ərazinin azad edilməsini öz cəmiyyətlərindən hər vəchlə gizlətməyə çalışırdılar.
Bu gün Hadrut qəsəbəsi azaddır və artıq burada bərpa və tikinti işlərinə, ilk növbədə yol infrastrukturunun bərpasına başlanılıb. 1876,8 kvadratkilometr sahəsi olan, strateji əhəmiyyət daşıyan Hadrut, eyni zamanda, böyük iqtisadi potensiala malikdir. Hadrut qəsəbəsinin imkanları buranı gələcəkdə Qarabağın böyük iqtisadi və turizm potensialı ilə seçilən ərazilərindən biri etməyə imkan verir.
Ermənilər işğal dövründə təkcə tarixi abidələrimizi deyil, həm də torpaqlarımızı özününküləşdirməyə çalışmaqla Azərbaycan ərazisində yeni bir erməni dövləti yaratmağa cəhd göstərdi. Lakin Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi və bundan sonra da verməyəcəkdir. Bu mesaj bu gün ermənilərə həm də Vətən müharibəsində düşmənin qorxulu yuxusuna çevrilən qəhrəman Azərbaycan əsgərinin və dronların təsvirinin “Dəmir yumruq” abidəsində rəmziləşdirildiyi məkan olan Hadrutdan ötürülür.
Azərbaycanın xalq-ordu birliyini təcəssüm etdirən bu abidə qələbəyə məhz möhkəm birləşmiş “Dəmir yumruq” sayəsində nail olduğumuzu göstərməklə yanaşı, həm də düşmənin yadına “dəmir yumruğ”un gücünü, yenidən işğalçılıq niyyətinə düşəcəkləri halda, bu yumruğun yerində olduğunu, onun bu dəfə işğalçıların başına daha böyük zərblə dəyəcəyini xatırladır.