“Hər bir dövlət öz dostunu özü seçir.”

WhatsApp Image 2021-10-14 at 16.20.12Fuad Heydə

YAP Səbail rayon təşkilatının məsləhətçisi.

 “Hər bir dövlət öz dostunu özü seçir.”

Azərbaycanla İran təkcə qonşu dövlətlər deyil. Eyni zamanda tarixi Azərbaycan ərazisinin bir hissəsi İrandadır. Bu ərazidə dünya azərbaycanlılarının otuz milyonu yaşayır. Həmçinin İran əhalisi müsəlmandır və Azərbaycanla yaxın qohumdur.

Beləliklə, biz bir-birimiz üçün vacib dövlətlərik. Bu mənada Azərbaycan müstəqillik əldə etdiyi gündən İranla sıx münasibətlər saxlamağa çalışıb. Təəssüf ki, qarşı tərəf buna adekvat cavab vermədi. Azərbaycan torpaqları işğal altında olanda və ondan sonrakı dövrdə Tehran daim İrəvana mənəvi-hərbi-siyasi dəstək verdi.

İndiyədək İran rəsmilərinin Azərbaycan torpaqlarındakı qanunsuz əməllərindən, cinayətlərindən üstüörtülü danışılıb. Hazırda isə ölkə başçısı tərəfindən bununla bağlı açıq bəyanatlar verilib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən zaman deyib: “Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

İrandan Azərbaycana davamlı surətdə qaçaqmalçılıq yolu ilə narkotik maddələr keçirilir. Bir neçə ay əvvəl Azərbaycan sərhədçiləri narkotik qaçaqmalçıların cinayətlərinin qurbanı oldular. İran hakimiyyəti narkotik maddə qaçaqmalçılığı ilə məşğul olanların Azərbaycan ərazisinə keçməsi qarşısını almır. Bir sözlə, İran Azərbaycan başda olmaqla, bütünlüklə Cənubi Qafqazı narkotik vasitələrlə zəhərləyir və bu qanunsuz əməllərin qarşısı alınmır. Qanunsuz əməl törədənlər isə İran sərhəddindən rahatlıqla keçirlər. Deməli, İranın dövlət sərhhədi qaçaqmalçılar üçün açıqdır.

Azərbaycan torpaqları işğal altında olanda İran vətəndaşları təkcə torpaqlarımızın sərvətlərini oğurlamayıb, mədəni-tarixi abidələri dağıtmayıb, həm də ərazilərimizdən narkotrafik üçün istifadə ediblər. Torpaqlarımız azad edildikdən sonra belə cinayət əməlləri üzə çıxdı.