“8 noyabr Zəfər Günü – Həmrəylikdən Dəmir yumruğa gedən yol”
05.11.2021MUXTAR NAĞIYEV
YAP Səbail rayon təşkilatını sədri
“8 noyabr Zəfər Günü – Həmrəylikdən Dəmir yumruğa gedən yol”
2020-ci il, 8 noyabr. Azərbaycanın yeni yazılmış tarixi, Qarabağımızı qovuşduran Zəfər tarixi. Ərazi bütövlüyümüzün, haqq və ədalətin bərpa olunduğu, Qarabağ Azərbaycandıra qovuşduğumuz qələbə tariximiz. Bu tarixi Qələbə Zəfəri ilə bağlı dövlət başçımızın “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamı hər birimizdə böyük sevinc hissi doğurdu. Sərəncama əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi, sentyabrın 27-ni isə Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Ancaq noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarıldığı gün müharibənin taleyində həlledici rol oynamaqla yanaşı, həm də düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyətinin etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Belə bir fikir var: tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız Şuşamızda dalğalanmaqdadır.
Xalq-İqtidar- Ordu birliyinin “Dəmir yumruqla” Zəfər Günü yazıldı
Prezident İlham Əliyev: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”. Bu sözləri dövlət başçımız Prezident İlham Əliyev dekabrın 29-da dünya azərbaycanlılarını təbrik edərkən bildirmişdir. Qalib Sərkərdə, Prezident İlham Əliyev bildirib ki, bu qələbə xalq-iqtidar-ordu birliyinin Şanlı Zəfər Qələbəsidir: “Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir”.
Bəli, bu qələbə xalq-iqtidar-ordumuzun birliyinin nəticəsidir. Elə 2020-ci il dekabrın 10-da “Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər paradı, məhz Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayişi idi. Bu, “Qarabağ Azərbaycandır və nida” deyən Qalib Sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə güclü Ordumuzun qəhrəman əsgər və zabitlərinin rəşadəti ilə dünya müharibələrində qazana bilmədiyi 44 gün ərzində qazandığı Qələbə Zəfəridir. Qarabağ Azərbaycandıra Qalib sərkərdəmizin Qarabağa səfərləri ilə həmin nidanı qoyduğu Zəfəridir.
“…Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb…”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev düşmən tapdağından azad edilən torpaqlarımıza səfərləri zamanı bildirib. Bu səfərlər həm də Ali Baş Komandanımız, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisidir. 8 noyabr Zəfər Günü – 44 günlük Vətən müharibəsində Vətən uğrunda canından, qanından keçən 2783 nəfər igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gündür. Bu qələbə bir xalq kimi bizim gücümüzü, güclü xalq olduğumuzun dünyaya sübutu idi. Bunu düşmən də, onun havadarları da gördü. Gördülər ki, ötən 30 ildə Azərbaycan öz haqlı davasından bir addım da geri çəkilməyib və Azərbaycan Prezidenti döyüş meydanında tarixi ədaləti bərpa etməkdə qərarlıdır. Bu, işğalçını sülhə məcbur etmək, düşmənə layiq olduğu yeri göstərmək üçün əsil ölüm-qalım mübarizəsi idi. Biz həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin arzusunun, onun öz davamçısına vəsiyyətinin tarixi reallığa çevrilməsini gördük. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirməklə Azərbaycan tarixinə şanlı səhifə yazdı. Doğma xalqı qarşısında bütün zamanların ən dəyərli missiyasını uğurla həyata keçirən Böyük Sərkərdənin başçılıq etdiyi müzəffər ordu 1992-ci il mayın 8-də əlimizdən zorla alınan Şuşanı da 2020-ci ilin noyabrın 8-də doğma nəfəslərlə isindirdi.
Bu gün bu şanlı tarixin yazılmasının əsas memarı – Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyev cənabları son 18 ildə yumruq siyasəti nəticəsində, xalq-iqtidar birliyinin yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşməsidir ki, Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoydu. Və xoş xəbərləri xalqına özü birbaşa çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər işğaldan azad olan torpaq müjdəsini səsləndirəndə “Qarabağ Azərbaycandır!” deyərkən simvolik olaraq yumruğunu da qaldırdı. Bunun da məntiqli mənası odur ki, həmrəy olub bir yumruq kimi birləşib Qarabağı düşməndən azad etdik. Bu birliyin köməyinə həmrəylik gəldi. “Dəmir yumruq” həmrəylik gücümüzün simvoluna çevrildi. Həmrəylikdən gələn 30 illik haqq yolu dəmir yumruğa çevrilib düşmənin saxtalaşdırdığı illərin yalanını üzə çıxardı. Ədalətimizi həmrəylik gücü ilə bərpa etdi.Ölkə rəhbərimiz, Ali baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu deyib: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası! Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi, hər il 8 noyabr Zəfər Günü kimi təntənəli qeyd olunacaq. Bir sözlə, 8 noyabr, 2020-ci il – Qələbə, həmrəylik bayramının haqqını verə bildik öz qələbəmizlə, yekdil birliyimzlə… Zəfər Günümüz mübarək, Azərbaycan! Həmişə birlikdə olaq! Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!