Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
18.11.2021Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatları Sadiq Qurbanov və Hikmət Məmmədov, YAP Səbail rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak ediblər.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqlik sükutla yad edilib.
Daha sonra YAP-ın yaradılmasının 29 ildönümü ilə bağlı video-rolik təqdim edilib.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü qeyd edilir: “Yeni Azərbaycan Partiyası çox böyük və şərəfli tarixi yol keçib. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaradılıb. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Milli Məclisin deputatı Sadiq Qurbanov Partiyanın yaradılmasının 29-cu ildönümü münasibətilə hər kəsi təbrik edib.
Deputat Yeni Azərbaycan Partiyasının yaranma zərurtindən bəhs edərkən qeyd edib ki, ölkəmiz uçurumun kənarında və müstəqilliyimiz itirilmə təhlükəsi altında idi: “Lakin Azərbaycan xalqı müdrik xalq idi və bu çətin zamanda xalq üzünü Heydər Əliyevə tutdu. Heydər Əliyev ölkəni bu böhrandan çıxara biləcək tək şəxs idi. O dövrün hakimiyyətində olan şəxslər Ulu Öndər Heydər Əliyevin yolunu kəsməyə çalışırdılar. Buna görə də Partiyanın yaradılması zərurəti var idi. Partiyanın yaradılması ilə əlaqədar 91 nəfər ziyalının müraciəti dərc olundu və Ulu Öndər Heydər Əliyev də həmin müraciətə cavab verdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi – 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Partiya qısa müddətdə konstriktiv müxalifətçilik etməklə legitim yolla hakimiyyətə gəldi. Bundan sonra Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Heydər Əliyev YAP-a mənəviyyatı təmiz olan insanların toplaşmasını istəyirdi. Bu ənənə hələ də davam etdirilir. Mən hər birinizi YAP-ın adını ləyaqətlə qorumağa çağırır və partiyanın 29-cu ildönümü münasibətilə təbrik edirəm”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Məmmədov partiyanın yaradılması ilə əlaqədar bütün partiya üzvlərini təbrik edib. Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi sisteminin formalaşmadığı, lakin bu siyasi sistemə ehtiyac olduğu bir dövrdə tarixi zərurətdən yarandı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərinin şah əsərlərindən biri də Yeni Azərbaycan Partiyasıdır. Biz Yeni Azərbaycan Partiyası haqqında danışarkən bir sıra frazalardan istifadə edirik. Onlardan biri də odur ki, Yeni Azərbaycan Partiya ümumxalq partiyası, Qələbələr partiyasıdır. Palitologiya tarixində hələ belə bir nümunə yoxdur ki, partiya yarandıqdan sonra qısa müddətdə hakimiyyətə gəlir və uzun müddət siyasi sistemin lokomativi kimi hakimiyyətdə qalmağı bacarır. Biz qələbələrimizi sadalayarkən prezident, parlament, bələdiyyə seçkilərindəki qələbələrimizdən danışırdıq. Bu zaman opponentlərimiz deyirdilər ki, bunlar qələbə deyil. Torpaqları işğal altında olan bir ölkənin partiyası özünü qələbələr partiyası adlandıra bilməz. Əldə etdiyimiz ən böyük qələbə Yeni Azərbaycan Partiyası sədrinin, müzəffər Ali Baş Komandan İlham Əliyevin işğalçı Ermənistan faşizmi üzərində əldə etdiyi qələbədir. Bu xalqımızın, ordumuzun və Ali Baş Komandanımızın birgə qələbəsi olmaqla bərabər, həm də partiya sədri kimi Yeni Azərbaycan Partiyasının əldə etdiyi tarixi zəfərdir. Bu mühüm tarixi qələbə də Yeni Azərbaycan Partiyasının avtobioqrafiyasına qızıl hərflərlə yazılıb və qələbələrimizin tacıdır”.
Daha sonra tədbirdə sözügedən 91-lərdən Novruz Quliyev, Rizvan Vahabov, Əli Əlirzayev, həmçinin Qərbi Kaspi Universtetinin ƏPT sədri Zenfira Məmmədova və partiyanın gənc fəalı Riyad Rüstəmli partiyanın yaranması tarixindən bəhs edərək partiya üzvlərini bu gün münasibətilə təbrik ediblər.
Sonda isə YAP sıralarına yeni daxil olan partiya üzvlərinə vəsiqələrini təqdim ediblər.