“Azərbaycanın daha bir diplomatik qələbəsi.”

WhatsApp Image 2021-11-29 at 14.00.41 (1)Təranə Zeynalova – BDU-nin professoru, tarix elmləri doktoru

“Azərbaycanın daha bir diplomatik qələbəsi.”

44 günlük Vətən müharibəsindəki zəfərdən sonra 10 noyabr 2020-ci ildəki Ermənistanın kapitulyasiyası 11 yanvar 2021-ci il Moskva bəyanatı ilə davam etdi. 26 noyabr 2021-ci ildə qəbul edilmiş Soçi bəyanatını da elə bu kontekstdə Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın şovinist siyasətinin iflası kimi qiymətləndirilməlidir. Soçi görüşü eyni zamanda Ermənistanın kapitulyasiyasının növbəti təzahürü də oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi.

Soçidə aparılmış danışıqlarda və imzalanmış sənəddə Azərbaycanın mövqeyi tam şəkildə əks olundu, maraqları təmin edildi, qarşıya qoyulan məqsədlərə nail olundu. Soçi görüşü eyni zamanda həm Ermənistan tərəfinin, həm də erməni ruporlarından qidalanan radikal müxalifətin iddialarını da alt-üst etdi, onların sadəcə bleflə məşğul olduqlarını isbatladı. Məsələn, onların Soçi görüşündən öncə müxtəlif uydurma fikirlər tirajlamaq niyyətlərinə əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi.  Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmadı. Amma sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu.

Soçi görüşü Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur kimi də yadda qaldı.   Rusiya Prezidenti Vladimir Putinin çıxışında “nəqliyyat dəhlizləri”ni xatırlaması, imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndləri məhz, Zəngəzur dəhlizindən xəbər verir.

Soçidə mina xəritələrin müzakirə olunması da Azərbaycanın uğurudur. Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunması barədə fikirlərin olması yaxın gələcəkdə mina problemində, ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

Soçi görüşü həm də Azərbaycanın geosiyasi üstünlük qazanması ilə də tarixə keçdi. Şübhəsiz ki, İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti, həm Rusiya, həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi də Prezident İlham Əliyevdir.