14 İYUL 1969-CU İL, 53 İL – ZİRVƏYƏ YÜKSƏLİŞİN BAŞLANDIĞI GÜN.

Muxtar Nağıyev

YAP Səbail rayon təşkilatının sədri.

Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına Tanrının bəxş etdiyi böyük şəxsiyyətdir. Və xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 14 iyul, 1969-cu ildə hakimiyyətə gəlməsinin 53-cü ildönümünü qalib xalq kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli yetirməsi Prezident İlham Əliyev reallaşdırdı. Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu. Ötən il noyabrın 10- da Ermənistan dövləti təslim olduğunu rəsmən təsdiqlədi. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.Həmin vaxt 17 ildən sonra yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.53 İL ÖNCƏ BAŞLANAN BU YOL ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİN XALQI, MİLLƏTİ İLƏ BÜTÜNLƏŞMƏSİ, BÜTÖVLƏŞMƏSİ YOLU OLUBTarix ən ədalətli hakimdir. Bu gün yaxın tariximizə diqqətlə nəzər yetirdikdə bugünkü inkişafımız, sabitlik və xoş güzəranımız üçün kimə borclu olduğumuzu yaxşı anlayırıq. Və 1969-cu il iyulun 14-ü ən yeni tariximizin məhz belə şərəfli, müqəddəs səhifəsi, müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı sayılan həmin gün böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başlaması kimi son dərəcə qiymətli bir hadisə ilə əbədiləşmişdir. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün sözün əsl mənasında dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu. Çünki Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Çünki ulu öndər hakimiyyətdə olduğu 35 il müddətində xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması hər ikisinin yüksəlişinin, xalqın da xoşbəxtliyinin başlanğıcı oldu! Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini düşünürdü. Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: “Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı”.Azərbaycan sosial-iqtisadi vəziyyətinə görə SSRİ-nin tərkibində olan 15 respublika sırasında sonuncu yerlərdə qərarlaşırdı. Bütün göstəricilər üzrə belə idi. Amma Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ilk 5 illikdə inkişaf baş verdi. Belə ki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə, göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 1970-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərilən dövrdə milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən çiy kərpicdən və palçıqdan tikilmiş komalardan ibarət idi. Kəndlinin gəliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişmiqyaslı tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artdı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Kəndlinin güzəranı və məişət şəraiti dəyişdi. Azərbaycan kəndi palçıq komalardan qurtularaq simasını dəyişdi. O vaxtdan həyətində minik avtomobili, ikimərtəbəli ağ mişar daşından evi, məişətində hər növ elektrik cihazları olan kəndli ailələri Azərbaycan kəndlisini xarakterizə edən başlıca əlamətə çevrildi. Bu gün elə bir kənd tapılmaz ki, orada Heydər Əliyev dövrünü xatırladan bir neçə “abidə”yə rast gəlinməsin. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. “Gülüstan” və “Respublika” sarayları, Prezident sarayı və Milli Məclisin binası, “Moskva”, “Azərbaycan”, “Abşeron” mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir.Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Çox keçmədən Ulu öndərin təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ZƏNGİN DÖVLƏTÇİLİK İRSİ DƏRİNDƏN ÖYRƏNİLİR, GENİŞ TƏBLİĞ OLUNURBu gün Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi dərindən öyrənilir, geniş təbliğ olunur. Xüsusilə də, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu prosesdə müstəsna rolunu xüsusi vurğulamaq gərəkdir.Ulu Öndərin zəngin mənəvi irsini, Onun azərbaycançılıq ideyasını gənc nəsillərə aşılamaq, Ümummilli Liderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir. Bir sözlə, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli – layiqli töhfəsini verir. Heydər Əliyev Fondu, eyni zamanda, milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. Fond həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır.ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ARZULARINI GEÇƏKLƏŞDİRƏN QALİB LİDER İLHAM ƏLİYEV”İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu, sadəcə, Heydər Əliyevin taleyüklü məsələləri inandığı bir insana həvalə etməsi deyildi. Burada dahi liderin uzaqgörənliyi də aydın sezilir. Ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində əksini tapan bu fikirlər Prezident İlham Əliyevin son 19 ildə gördüyü işlərə, Azərbaycanın əldə etdiyi uğurlara, ən əsası bugünkü qələbəmizə bələdçilik edir: bugünkü qələbənin məntiqi əsası, bünövrəsi və onu yaradan fəlsəfə Heydər Əliyevin fəaliyyətinin məhsuludur.Prezident İlham Əliyev xalqımızın ən böyük arzularını gerçəkləşdirən Şəxsiyyət kimi, eyni zamanda, Müzəffər Liderlik adını əbədi olaraq tarixə yazdı. O, son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi. Məhz bu tarixi həqiqətləri incələdikdən sonra vurğulaya bilərik ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ardıcıl, uğurlu siyasəti nəticəsində dövlətçilik ənənələrimiz yenidən dirçəldi və inkişaf etməyə başladı. Eyni zamanda, bu gün Azərbaycan dövləti İlham Əliyevin Liderliyi sayəsində dünyada qalibiyyət və zəfərlər yazan, öz gücü ilə ərazi bütövlüyünü bərpa edən qüdrətli ölkə olaraq tanınmaqdadır. Cənab İlham Əliyev sübut etdi ki, heç bir qüvvə Azərbaycanı haqq yolundan, torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən saxlaya bilməz. Bu dövrdə İlham Əliyev çox təzyiqlərlə üzləşdi. Lakin dövlətimizin rəhbəri onların hamısına qətiyyətlə, cəsarətlə sinə gərdi. O, siyasi peşəkarlıqla Azərbaycana qarşı beynəlxalq miqyasda diplomatik cəbhənin formalaşmasının qarşısını aldı. Və bütün bunların fonunda Qarabağ cəbhəsində Azərbaycan Ermənistanın yürütdüyü 30 illik işğalçılıq, talançılıq, varvarlıq, terrorçuluq siyasətini əməli şəkildə cəzalandırdı. Xüsusilə, Şuşamızın işğaldan azad olunması münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən Cənab İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğuladı. Bu, həm də belə bir qənaətə gələn həqiqətdir ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev işğal altındakı torpaqlarımızın, xüsusilə də Şuşamızın azad olunmasında siyasi varisi Cənab İlham Əliyevin möhtəşəm yer alacağını görürdü! Uzaqgörən və Əbədi Liderimizin Şuşa vəsiyyəti də onun azad olunmasından sonra xalqımıza çatdırıldı.8 noyabr 2020-ci il. Həmin unudulmaz tarix-Şuşanın erməni işğalından azad olunduğu gün Prezident İlham Əliyev Ulu Öndərin Fəxri Xiyabandakı müqəddəs məzarını ziyarət etdi və sonra Şəhidlər Xiyabanından xalqa müraciət edərək tariximizə qızıl hərflərlə həkk olunacaq bu sözləri dedi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan!”.Bəli, bu dövlətçilik tariximizlə yanaşı, həm də dünyanın yeni tarixinə yazılan bu qalibiyyət simvolunda xalqımızın iki övladının – Ulu Öndər Heydər Əliyevin və Böyük Sərkərdə, Prezident İlham Əliyevin adlarının qızıl hərflərlə həkk olunması artıq danılmaz bir gerçəklikdir – ATA vəsiyyətinin və OĞUL vədinin yerinə yetirilməsi gerçəkliyi! Və bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Və bu gün müqəddəs qələbə günündə hamımız Ulu Öndərin məzarını ziyarət edəcək, onun ruhuna dualar oxuyacağıq. Çünki çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq, çünki Qarabağ Azərbaycandır!Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin bir zamanlar bütün dünyaya bəyan etdiyi kimi, Azərbaycan vətəndaşının ən gözəl sabahları öndədir, ən qüdrətli zamanları irəlidədir! Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir! Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu əsəri zənginləşdirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imzanın atılması, Azərbaycanın dünya dövlətlərinin imzaları arasında imzasının olmasıdır. Bu, Heydər Əliyev işığının nurlandırdığı yolun davamçısı Prezident, Ali Baş Komandanımız Qalib Lider İlham Əliyev yolunun dönməz və sarsılmaz yoludur.Bəli, Ruhun şad olsun, Ulu Öndər, Qarabağ Azərbaycandır! Azərbaycan xalqının Qalib Lideri, Azərbaycan xalqının Prezidenti İlham Əliyev dəmir siyasətinin nəticəsində «Dağlıq Qarabağ» problemi yoxdur! Prezident İlham Əliyev bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır: «Bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.Və bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır. Bu gün fəxr edirik ki, dahi öndərimizin ideyaları yaşayır və geniş şəkildə inamla həyata keçirilir. Ümummilli liderimizin Azərbaycan xalqı qarşısındakı möhtəşəm xidmətləri unudulmur, böyük minnətdarlıq hissi ilə daim yad edilir. Heydər Əliyevin nurlu xatirəsi bundan sonra da qəlblərdə əbədi yaşayacaqdır.