Azad edilən ərazilərimizdə qurulan hər yeni şəhər, həyata qaytarılan hər bir kənd, çəkilən hər bir yol qürur mənbəyimiz, iftixarımızdır.

          

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən 2022-ci ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirə ölkəmizin inkişafının yüksəlişinə yönəlmiş hədəfləri ilə yadda qaldı.  Ölkə rəhbərinin müşavirədəki həmişə olduğu kimi dolğun və əhatəli çıxışı özündə Azərbaycanın gələcək strateji hədəfləri və inkişaf proqramını ehtiva edirdi.

 Əminlikdə deyə bilərik ki, Prezidentin xarici siyasi kursu ilə bağlı atılan addımlar nəticəsində ölkəmizin geopolitik mövqeyinin gücləndiyi, regionun lider dövləti olaraq beynəlxalq münasibətlərin mühüm tərəflərindən birinə çevrildiyi reallıqdır.

Heç şübhəsiz olkə başçısınını əsas siyasi fəaliyyətinin mərkəzində xalqın rifahı, Vətənimizin ərazi bütövlüyü, dövlətimizin daha da qüdrətlənməsi dayanır. Ölkə rəhbərinin xüsusi diqqəti məhz əhalinin rifahının yüksəldilməsinə köklənib, şəhid ailələri, müharibə veteranları və iştirakçılarına göstərilən dövlət qayğısı isə dövlətin sosial siyasətinin ön sıralarındadır. Ölkə başçısı qeyd etdi ki, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaqdır. Bunu isə güclü iqtisadiyyatla etmək mümkündür. Dahi liderimiz Heydər Əliyevin:-“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı bütün zamanlarda aktualdır, dəyərlidir. Məhz bu mənada  iqtisadi müstəqillik siyasi müstəqilliyi təmin edir. Güclü dövlətin iradəsinə heç bir kənar təsir  heç nəyi diktə edə bilməz. Prezident İlham Əliyevin güclü idarəçilik strategiyası nəticəsində Azərbaycan bu gün dünyada güclü iqtisadi imkanlara malik, dayanıqlı ölkələr pilləsindədir.

Bu gün Azərbaycan bütün dünyada həm də etibarlı tərəfdaş kimi nüfuz sahibidir. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində dövlətin xarici siyasət müstəvisində əldə etdiyi uğurlar ölkəmizin enerji ehtiyatlarına olan marağı artırıb, elektrik stansiyalarının tikintisi, həm daxili tələbat, həm də ixrac üçün nəzərdə tutulan qaz yataqlarının gələcəkdə işlənməsi prosesləri, enerji sahəsində imzalanan yeni layihələr Azərbaycana perspektivlər vəd etməklə yanaşı, ölkəmizin Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi tövhələrlə də tarixə düşür. Ölkə başçısı çıxışı zamanı, ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevrilməsinin, tranzit imkanlarının gətirəcəyi iqtisadi gücün də əhəmiyyətini vurğuladı.

            Prezidentin xüsusi diqqəti və nəzarəti azad olunmuş torpaqlarımızın bərpası, o ərazilərə həyatın yenidən bəxş olunması yönündə işlərin tam sürətlə davam etdirilməsindədir. Ölkə rəhbəri çıxışında işlərin planlı şəkildə aparıldığını bildirərək artıq Ağalı kəndinin istifadəyə verildiyi, yeni yaradılacaq kəndlərin yerlərinin müəyyənləşdirildiyi, bu ərazilərdə su anbarları, su kanallarının tikintisi, Kəlbəcər və Laçın su mənbələri hesabına hətta içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırılması layihələrinin olduğunu, infrastrukturun yenidən bərpası prosesinin davam etdirildiyini bildirdi. Bu gün ərzaq təhlükəsizliyi məsələsi bütün dünyada aktualdır. Azərbaycanın taxıl idxalından asılılığını aradan qaldırmaq üçün xüsusi proqram hazırlanır. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində taxıl istehsalının artırılması bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir.

            Təhsilin, kadr hazırlığının günümüzdə xüsusi əhəmiyyət daşıdığını, vacib məsələ olduğunu vurğulayan ölkə rəhbəri dünyanın nüfuzlu ali məktəblərində Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramının yenidən işə salındığını qeyd etdi. Heç şübhəsiz, bu proses istedadlı və savadlı gənclərimizin önündə yeni üfüqlərin açılmasına, onların əldə etdiyi biliklərin ölkəmizin gələcək inkişafındakı roluna öz misilsiz tövhəsini verəcəkdir.

Xalqın ümid və istəklərini həmişə əsas tutan Prezident Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətindəki işlərinin ölkənin öz hesabına aparıldığını, bu prosesin onun rəhbərliyi və nəzarəti altında həyata keçirildiyini vurğuladı. Doğma Qarabağ və Zəngəzurda aparılan quruculuq işlərinin hər birimiz üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var. Orada bərpa edilən hər yeni şəhər, həyata qaytarılan hər bir kənd, çəkilən hər bir yol qürur mənbəyimiz, iftixarımızdır.