Vətən müharibəsi şəhidi Şükürlü Nicat Ayaz oğlunun şəhid olmasının iki illiyi ilə əlaqədar məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Şükürlü Nicat Ayaz oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıb, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş digər Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunub.

Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şükürlü Nicat 2020-ci il oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.