“Vətən Müharibəsi şəhidləri Nicat Tarıverdiyev, Fərid Əliyev və Yusif Budaqovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə xatirə lövhələrinin açılış mərasimi keçirilib.”
19.10.2022Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Təhsil Kompleksinin qəhrəman məzunları Nicat Tarıverdiyevin, Fərid Əliyevin və Yusif Budaqovun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə xatirə lövhələrinin açılış mərasimi keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, Təhsil Kompleksinin direktoru Sara Xanlarova, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Daha sonra tədbir 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri ədəbi-bədii kompozisiya çıxışı ilə davam edib. Sonda xatirə şəkli çəkdirilib.