Səbail rayonu 239 nömrəli məktəbdə şəhidlərin xatirə lövhələrinin açılış mərasimi keçirilib.
21.10.2022Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış Ələddin Ağakişiyev, Mirsaleh Ağayev, Adil Cəfərov, Vasif Hüseynov, Tofiq Məmmədov, Nürəddin Paşayev, Vüsal Həsənov və Vüsal Teymurovun əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə quraşdırılmış xatirə lövhələrinin açılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin xatirə lövhələri önünə gül dəstələri düzülmüşdür.
Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbir 239 saylı tam orta məktəbin şagirdlərinin ədəbi-bədii kompozisiya çıxışı ilə davam edib.