Şəhid Nicat Şükürlünün doğum günü ilə bağlı məzarı ziyarət olundu

Bu gün xalqımıza qələbə sevincini bəxş edən və bu yolda canlarından keçən igid Vətən oğullarımızdan biri Şükürlü Nicat Ayaz oğlunun doğum günüdür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü 2020-ci ilin oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Şükürlü Nicat Ayaz oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.

Mərasimdə Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.

Şəhid Nicat Şükürlünün ailə üzvləri şəhid ailələrinin, qazilərimizin, hərbçilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.