“Yusif Budaqovun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu.”

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Budaqov Yusif Ramiq oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür. Aprel döyüşlərində iştirak edən Yusif Budaqov Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılmış və oktyabrın 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.

Oktyabrın 22-də YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev,Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Budaqov Yusif Ramiq oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.

Mərasimdə Çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xalqımız tərəfindən daim qəlblərdə yaşayacağını, onları heç bir zaman unutmayacağını, dərin hörmət və ehtiramla yad edəcəyini, qeyd ediblər. O cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişlər.

Şəhidin anası Lətafət Budaqova hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.