Böyük Şəxsiyyət Ulu Öndər Heydər Əliyev.
19.12.2022Fərəh Hüseynli
YAP Səbail rayon təşkilatının fəalı
Əsl vətəndaş, tarixi şəxsiyyət və ümummilli lider. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının Ümummilli lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş Ulu önderimiz Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur.
Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik əyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik Arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.
Heydər Əliyevin yüksək elmi, mədəni və intellektual səviyyəsi ilə, bəşəri xarakter daşıyan hadisələri düzgün qiymətləndirə bilmək istedadı ilə şərtləşir. Heydər Əliyev həmişə çıxışlarında yazıçı və şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük potensiala malik olduğunu bildirmiş, Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında böyük rolu olduğunu bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin “qızıl fondu” na daxil edilmişdir. Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir.
Respublikamızın vətəndaşlarının, ziyalılarının, alimlərin, mütəxəssislərin, əhalinin bütün təbəqələrinin, xüsusilə vətənimizin gələcəyi olan gənclərin bu irsi dərindən mənimsəməsinə ciddi ehtiyac duyulmaqdadır. Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir.
Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə -neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq.
Bu əsərlərdəki elmi fikirlər ulu öndərin çox geniş mütaliə dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və görkəmli ziyalı olduğunu sübuta yetirir. Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır.
Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox – düz 34 illik bir dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.Heydər Əliyev siyasətinin layiqli və fədakar davamçısı, ata mirasını layiqli icra edib son dərəcə haqlı olaraq özünü xoşbəxt övlad adlandıran Prezident İlham Əliyev zamanı eyni olmasa da, situasiyası analoji olan bir siyasi məqamda eynilə bütün siyasi təzyiqlərə, təhdidlərə mərd və mərdanə şəkildə sinə gərərək, sinəsini hərbi və siyasi arenada güllə önünə tutmaqdan çəkinməyərək Azərbaycanı bütöv etdi. Bu gün Prezident İlham Əliyev heç kimdən qorxmayaraq tarixin vərəqlərinə müraciət edərək onun reallığını dilə gətirib Zəngəzur, İrəvan kimi tarixi torpaqlarımızın adını çəkir, onun dəmir yumruğu düşmənin başını əzdiyi kimi dəmir iradəsi də düşmənin canına vəsvəsə və vəlvələ salır. Prezident İlham Əliyevın regionda qətiyyətlə və qorxmadan yaratdığı yeni reallıqlarının nəticəsidir ki, Heydər Əliyevin də zamanında dediyi kimi: “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik”.