YAP Səbail rayon təşkilatının kollektivi Cocuq Mərcanlıya səfər ediblər.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramları münasibətilə YAP Səbail rayon təşkilatı kollektivi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
YAP Səbail rayon təşkilatının əməkdaşları Lamiyyə Hacızadə, Aysel Vəliyeva, Aysel Nəsibova,Ariz Əhmədov,təşkilatın gənc fəalı İlkin Əsgərzadə, YAP Səbail rayon “Məktəb Meydanı 40” ƏPT sədri Sədaqət Həsənova səfərdə iştirak edib.
Səfər iştirakçıları “Şuşa-Zəfərimizin təntənəsi” adlı keçirilən tədbirdə iştirak edib.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə YAP Səbail rayon təşkilatının kollektivi, YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, müəllim və şagirdlər iştirak edib.

Çıxış edən natiqlər bildirib ki, Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa ili” elan olunub. Qeyd olunub ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtımızdır.

Daha sonra şagirdlərin hazırladığı əl işləri və Qarabağ mətbəxinin ləziz təamları ilə tanış olunub, şagirdlərin kompozisiyaları izlənilib.

Sonda şagirdlərə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramları münasibətilə bayram sovqatları təqdim olunub.