Səbail rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, ADPU tarix fakültəsinin baş müəllimi Cəfər Xanəliyev, aparatın əməkdaşları və digər qonaqlar iştirak edib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 31 Mart soyqırımı hadisələrinin heç vaxt yaddaşlardan silinməyəcəyini bildirib. Qeyd edib ki, gənc nəsil, cəmiyyətimizin gələcək nümayəndələri o hadisələrdən nəticə çıxarmalı və həyatımızdakı oxşar faciələrin təkrarlanmasına imkan verməməlidirlər.

YAP rayon təşkilatının sədri diqqətə çatdırıb ki, 1918-ci ildə, süquta uğramış çarizmin xarabalıqları üzərində qurulacaq yeni dövlətlərin perspektivində Azərbaycanı həzm edə bilməyən, bolşeviklərin planları ilə qurulmuş Bakı Sovetinin daşnak təfəkkürlü rəhbərliyin iradəsi ilə törədilən qırğınlar soyqırımı idi. Bakıda, sonra isə Quba, Lənkəran və Şamaxıda həyata keçirilən soyqırımı aktlarında 30 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirildiyini qeyd edən Muxtar Nağıyev bu qətliamın milli və dini mənsubiyyətinə görə törədildiyini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verərək, mənfur qonşularımızın tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşadıqlarını və hər zaman torpaqlarımıza göz dikdiklərini söylədi. Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını, 31 mart soyqırımı Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə dövlət səviyyəsində qeyd etdiyini bildirib.

 ADPU tarix fakültəsinin baş müəllimi Cəfər Xanəliyev 31 Mart Soyqrımının Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi bu cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılması əhəmiyyətinin vacibliyini vurğulayıb.