Səbail rayonunda 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşkilatçılığı ilə 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, sədr müavini Nicat Hüseynov və aparatın əməkdaşları, o cümlədən rayon ərazisində fəaliyyət göstərən tibb işçiləri iştirak edib.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzuladı. Bildirdi ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Muxtar Nağıyev vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə müasir tibb ocaqları tikilir, ehtiyacı olan səhiyyə müəssisələri bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir.

2 nömrəli şəhər poliklinikasının baş həkiminin müavini Şahin Quliyev çıxış edərək bildirib ki, bugün dövlət başçımız və dövlətimiz tərəfindən Azərbaycan səhiyyəsi və tibb işçiləri üçün bütün lazımi şərait yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycan tibb sahəsində kifayət qədər uğurlar əldə edilib.

Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın hemodializ şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru Hafiz Ağayev çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.

“Məktəb meydanı 40” ƏPT sədri Sədaqət Həsənova Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi diqqət və qayğısından danışıb, bütün tibb işçilərini təbrik edib.

Sonda 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra tibb işçiləri Fəxri Fərmanla təltif olunub.