Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən təşkil olunan “Ulu öndər Heydər Əliyevin elmi irsini öyrənirik” adlı siyasi məktəbinin növbəti dərsi keçirilib

“Qala” Dövlət Tarixi-Etnoqrafiya qoruğunda keçirilən görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Millət vəkili, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu, “Asəf Zeynallı 20” ƏPT sədri Ağalar Əliyev və layihə iştirakçıları iştirak edib.

Tədbirdə çıxış YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Heydər Əliyev dünyada az rast gəlinən elə nadir dövlət xadimlərindən və şəxsiyyətlərdəndir ki, fəaliyyətinin bütün istiqamətlərində milli-mənəvi dəyərlərimiz başlıca prinsip olub. Ümummilli lider cəmiyyətin inkişaf dinamikasında ənənə və müasirliyi, milli irsə böyük ehtiramı başlıca hərəkətverici qüvvə hesab edib, azərbaycançılığı milli ideya və milli varlığımız üçün əsas ideoloji generasiya mənbəyi kimi qəbul edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Millət vəkili Elşad Mirbəşiroğlu deyib ki, ümummilli lider Heydər Əliyev hər zaman öz doğma xalqına güvənir və xalqının, dövlətinin inkişafı üçün yorulmaz fəaliyyət göstərib. Xalqının tələbini geri çevirməyən Heydər Əliyev ən çətin anda ölkəmizə rəhbərlik etmək məsuliyyətini qəbul etdi. Çünki Heydər Əliyevi xalqının taleyi, gələcəyi, qayğıları maraqlandırırdı. Heydər Əliyev doğma xalqının tarixinə öz adını qızıl hərflərlə yazan böyük xilaskar, xalqın Ümumilli Liderinə çevrildi.

“Asəf Zeynallı 20” ƏPT sədri Ağalar Əliyev bildirib ki, Heydər Əliyevin Azərbaycan xalqının tələbi ilə yenidən hakimiyyətə gəlməsi ilə müasir Azərbaycan tarixinin şanlı səhifələri yazılmağa başladı. Bugün Azərbaycan nəyinki regionda, dünyada əsas söz sahibi olan dövlətlərindən birinə çevrildi.

Görüş daha sonra sual-cavablarla davam edib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsinin qalibi olan “ƏBƏDİ” komandasına YAP Səbail rayon təşkilatı tərəfindən fəxri  fərmanlar və hədiyyələr təqdim olunub.

Sonda layihə iştirakçıları “Qala” Dövlət Tarixi-Etnoqrafiya qoruğuna ekskursiya ediblər.