Cavidan Ağayevin şəhid olmasının ildönümü ilə bağlı məzarı ziyarət olundu

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Ağayev Cavidan Mirzağa oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Ağayev Cavidan Mirzağa oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Vətən müharibəsi şəhidi Cavidan Ağayevin məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cavidan Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.