Hüseynov İsmayıl Şahvələd oğlunun şəhid olmasının ildönümü ilə bağlı məzarı ziyarət olundu

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Hüseynov İsmayıl Şahvələd oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan İsmayıl Hüseynov oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.

Vətən Müharibəsi şəhidi İsmayıl Hüseynovun məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək şəhid ailələrinin, döyüşlərdə iştirak etmiş hərbçilərin və qazilərin Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı ilə əhatələndiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.

Şəhidin anası Sona Hüseynova şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.