2016-cı il Referendumu təşviqat kampaniyası_Badamdar qəsəbəsi seçiciləri ilə görüş
Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi bu gün Badamdar qəsəbəsi seçiciləri ilə görüş keçirdi. Qəsəbə sakinlərini, seçiciləri ürəkdən salamlayan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev hər kəsi sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi – Referendumda fəal iştirak etməyə və seçki məntəqələrinə gələrək dövlət müstəqilliyimizə, inkişafımıza təminat verən əsas qanunumuzda nəzərdə tutulan dəyişikliklərə müsbət rəy bildirməyə çağırdı.
Ş.Hacıyev: “Ölkənin ictimai-siyasi sisteminin əsaslarını müəyyən edən, demokratik dünyəvi cəmiyyət quruculuğunu və insan azadlıqlarını təmin edən əsas hüquqi sənəd – Konstitusiyanın qəbulu, bu sənədə dəyişikliklər edilməsi tarixi əhəmiyyət daşıyır. Cəmiyyətimizdə davamlı müşahidə olunan dinamik inkişaf Konstitusiyamıza təklif olunan əlavə və dəyişiklikləri labüd edir. Müstəqillik əldə olunduqdan sonra sürətli şəkildə dünya təsərrüfat əlaqələri sisteminə və beynəlxalq siyasi sistemə inteqrasiya olan Azərbaycan son illərdə qlobal proseslərdə daha da fəal aktora çevrilmişdir. Ölkəmiz iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoymuşdur, dövlətimizin iqtisadi-hərbi qüdrəti artmışdır. Bu baxımdan Konstitusiyamıza edilən hər dəyişikliyi cəmiyyətimizin daha da demokratikləşməsi və liberallaşması istimaqətində atılmış uğurlu addım kimi qiymətləndirə bilərik.”