2016-cı il Referendumu təşviqat kampaniyası_Bayıl və 20-ci yaşayış sahəsi sakinləri ilə görüş

Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsi 21 sentyabr 2016-cı il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Səbail rayon təşkilatında seçicilərlə növbəti görüşünü keçirdi.

Səbail rayonunun Bayıl və 20-ci yaşayış sahəsi sakinlərinin iştirak etdiyi görüşdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edən “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev ümumxalq müzakirəsinə çıxarılan Referendum Aktında nəzərdə tutulan əlavə və dəyişikliklər barədə məlumat verərək bildirdi ki, Azərbaycanda sözün əsl mənasında hüquqi dövlətin yaradılmasına və vətəndaş cəmiyyətinin formalaşdırılmasına istiqamətlənən Konstitusiya dəyişiklikləri dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizdə insan hüquqlarının və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edəcəkdir.

Ş.Hacıyev: “Azərbaycanda son illərdə dinamik inkişaf müşahidə olunur. Karbohidrogen resursları ilə zəngin olan Azərbaycan bu coğrafiyada böyük əhəmiyyətə malik olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayan ölkələrdəndir. Bu baxımdan geoiqtisadi mənafelərin toqquşduğu bu regionda dövlət təhlükəsizliyimizin təmin olunması, cəmiyyətin liberal və demokratik dəyərlər əsasında inkişaf etdirilməsi, ölkədə formalaşdırılan yeni cəmiyyət tipinə uyğun olaraq idarəetmə sisteminin institusional əsaslarının daha da möhkəmləndirilməsi sosial sifariş olaraq ana qanunumuz olan Kontitusiyamıza müvafiq dəyişikliklərin edilməsini və milli qanunvericilik bazasının daha da təkmilləşdirilməsini zəruri  edir. Hər bir dəyişikliyin ən ümdə məqsədi Azərbaycan vətəndaşlarının rifahının daha da yüksəldilməsi və müstəqil Azərbaycan dövlətçiliyinin qorunmasından ibarətdir.”