2016-cı il Referendumu təşviqat kampaniyası_Seçicilərlə görüş

06 sentyabr 2016-cı il tarixində Referendum üzrə “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsində sentyabrın 26-da keçiriləcək Referendumla əlaqədar rayon seçiciləri ilə görüş keçirildi. Partiya fəallarının, ziyalıların, veteranların, gənclərin və rayon ictimaiyyəti nümayəndələrinin yüksək əhval-ruhiyyə ilə iştirak etdiyi görüşü giriş sözü ilə açan “Yeni Azərbaycan” təşviqat qrupunun Səbail rayon şöbəsinin sədri, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev yığıncaq iştirakçılarını salamlayaraq, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsul təşviqat kampaniyasının başlanması münasibətilə hər kəsi təbrik etdi.

Ş.Hacıyev: “2009-cu ildən etibarən Azərbaycan sənaye dövrünü geridə qoymuş, post-industrial, post-neft dövrünə doğru yönəlmiş və ölkəmiz yeni cəmiyyət tipinə – bilik cəmiyyətinə qədəm qoymuşdur. Azərbaycan gələcəyinə nikbin baxır, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qarşımıza daha böyük hədəflər və vəzifələr qoyulmuşdur. Bu vəzifələrin həyata keçirilməsi Konstitusiyamıza müvafiq dəyişikliklərin edilməsini obyektiv zəruriyyətə çevirir. Bu gün ölkə rəhbəri istər ölkə daxilində, istərsə də ölkə xaricində çox müstəqil və düşünülmüş siyasət həyata keçirir. Dövlət müstəqilliyimiz bizim ən müqəddəs dəyərimizdir. Biz müstəqilliyimizi qorumalıyıq və qoruyuruq. Bizi tərəqqiyə aparan yol Heydər Əliyev yoludur, biz Heydər Əliyev siyasətini davam etdiririk, dövrün tələblərinə uyğun olaraq inkişaf konsepsiyasına müvafiq korrektələr edirik. Bununla əlaqədar olaraq, Konstitusiyamıza – əsas qanunumuza dəyişikliklər edilməsi obyektiv zəruriyyətə çevrilmişdir.”