9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir
Noyabrın 8-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət etdilər. Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi hörmət və ehtiramla yad edildi. Daha sonra Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyuldu.
Tədbir Dövlət Bayrağı Muzeyində davam etdirildi. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev və Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva çıxış etdilər.
Daha sonra qonaqlar Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış oldular.
Sonda Dənizkənarı Bulvar İdarəsinin layihəsi əsasında hazırlanan və Azərbaycan bayrağına həsr edilən filmin təqdimatı oldu. Film qonaqlar tərəfindən çox bəyənildi. Bununla da tədbirə yekun vuruldu.