Azərbaycanlı deputatlar Süleyman Dəmirəlin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak etdilər

16-17 iyun 2017-ci il tarixlərində Türkiyənin Isparta şəhərində Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatının ikinci ildönümü ilə əlaqədar anım tədbirləri təşkil olundu. Anım tədbirlərində Milli Məclisin komitə sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri akademik Əhliman Əmiraslanov və işçi qrupunun üzvü, deputat prof. Şəmsəddin Hacıyev iştirak etdilər.

***

İyunun 16-da görkəmli siyasi və dövlət xadiminin anadan olduğu İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində “Demirel’i Anmak ve Anlamak” adlı panel təşkil olundu. Əvvəlcə Türkiyənin dövlət himni səsləndirildi. Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad olundu, ruhuna dualar oxundu. Anım mərasimində professorlar Tanju Tosun, Gülsün Ərdoğan Tosun, Lütfi Çakmakçı və başqaları Süleyman Dəmirəlin həyat və fəaliyyətindən, tarixi siyasi missiyasından, böyük quruculuq işlərindən, yüksək insani keyfiyyətlərindən danışdılar.

Çıxış edən Əhliman Əmiraslanov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında S.Dəmirəlin xidmətlərindən, onun Ulu Öndər Heydər Əliyevlə səmimi dostluq münasibətlərinin xalqlarımız və ölkələrimiz arasındakı inkişafa təsirindən danışdı.

***

İyunun 17-də Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin dünyasını dəyişməsinin ikinci ildönümü Isparta şəhərində İslamköydəki Çalcatəpədə yerləşən məzarı başında rəsmi dövlət tədbiri ilə anıldı. Mərasim Qurani-Kərimin oxunması ilə başladı. Dəmirəlin məzarına doğma şəhəri Ispartanın məşhur gülləri və gülsuyu səpildi.

Böyük söz ustadı mərhum Prezident Dəmirəli sözlərlə ifadə etmənin çox çətin olduğunu bildirən kənd təsərrüfatı naziri Faruk Çelik Süleyman Dəmirəli əzmin, demokratiyanın və Türkiyənin inkişafının simvolu kimi xarakterizə etdi. Daha sonra mərasimdə çıxış edən sabiq nazir Esat Kıratlıoğlu 1954-cü ildən Süleyman Dəmirəli tanıdığını qeyd edərək bildirdi ki, “Dəmirəl həyatımda tanıdığım ən cəsur insan idi”.

Anım mərasimi Süleyman Dəmirəlin adını daşıyan muzeydə davam etdi.