“Azərbaycanlıların soyqırımı” adlı kitabın təqdimatı

03 aprel 2017-ci il tarixində Səbail rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə ötən il “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda keçirilən elmi-praktik konfransın materialları əsasında nəfis tərtibatda hazırlanmış “Azərbaycanlıların soyqırımı” adlı kitabının təqdimatı oldu. Təqdimat mərasimi AMEA-nın Azərbaycan Milli Tarix Muzeyində Azərbaycanlıların soyqırımının 99-cu ildönümünə həsr edilmiş yığıncaqda keçirildi. Mərasimdə rayon ictimaiyyəti və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin üzvləri, elm, təhsil, incəsənət və din xadimləri, ziyalılar, gənclər, müharibə və YAP veteranları iştirak etdilər. Tədbirin əvvəlində iştirakçılar və qonaqlar rayon məktəblilərinin və gənc rəssamların Azərbaycanlıların soyqırımı ilə bağlı çəkdikləri rəsmlərin sərgisi ilə tanış oldular.

Təqdimat mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd etdi ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalmışdır. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “Böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv etmiş, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmışlar.

Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev təqdim olunan bu yeni kitabın əhəmiyyətindən danışaraq qeyd etdi ki, ermənilər tərəfindən əsrlər boyu xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin mahiyyəti və tarixi köklərinin elmi araşdırılmasına həsr olunan kitabların yazılması və nəşr olunması, bu sahədə tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət kəsb edir. Ərsəyə gələn kitabın ideya müəllifi olan Eldar Əzizova xüsusi təşəkkürünü bildirən sədr, təqdim olunan məqalələrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müxtəlif tarixi dövrlərdə məqsədli şəkildə törədilən soyqırımları haqqında tarixi faktlara və mənbələrə əsaslanan məlumatların əks olunduğunu bildirdi.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışaraq qeyd etdilər ki, çap olunmuş kitab uzun illər boyunca mənfur qonşularımızın azərbaycanlılara və digər xalqlara qarşı törətdikləri soyqırımların dərindən və hərtərəfli öyrənilməsində mühüm əhəmiyyətə malikdir. Kitab gələcək nəslin tariximizi daha dərindən öyrənmələri, onların maarifləndirilməsi istiqamətində mühüm rol oynayacaqdır.

Digər çıxışçılar bildirdilər ki, hər bir faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsinə, günahkarların layiqli cəzasına çatmasına və gələcəkdə belə halların qarşısının alınmasına həlledici təsir göstərə bilər. Bununla əlaqədar rayonun 163 nömrəli tam orta məktəbinin direktoru Sevil Cavadova məktəb kollektivi adından kitabın ingilis dilinə tərcümə edilməsi və bu işin məktəb kollektivinə həvalə olunması təklifini irəli sürdü. Təklif razılıqla qarşılandı və növbəti ildə kitabın ingilis dili variantının hazırlanaraq təqdimatının keçirilməsi və kitabın beynəlxalq ictimaiyyətə çatdırılması qərara alındı.