“Gəlin birgə yaşadaq” adlı maarifləndirici tədbir keçirildi

Noyabrın 1-də YAP Səbail rayon təşkilatının qərargahında Azərbaycan Talassemiya Federasiyası, YAP Səbail rayon təşkilatı və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə “Gəlin birgə yaşadaq” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Azərbaycan Talassemiya Federasiyasının (ATF) prezidenti Nailə xanım Quliyeva, ATF-in vitse-prezidenti Fuad Rəsul, Mərkəzi Qan Bankının direktor müavini Namirə xanım Abbasova, Respublika Talassemiya Mərkəzinin poliklinika şöbəsinin müdiri Zemfira Mirzəyeva, həmçinin rayon ictimaiyyəti nümayəndələri, partiya fəalları, partiya təşkilatının İdarə Heyətinin üzvləri, tələbələr və gənclər iştirak etdilər.

Məlumat üçün qeyd edək ki, ölkədə qan donorluğunun artırılması məqsədilə Azərbaycan Talassemiya Federasiyası və Mərkəzi Qan Bankı bu tipli maariflədirici tədbirlər həyata keçirir. Tədbirlərin keçirilməsində əsas məqsəd qan donorluğunun inkişafına diqqətin cəlb edilməsi və talassemiya haqda ictimaiyyətə ətraflı məlumat verilməsi, eləcə də KİV nümayəndələrinə qan donorluğunun inkişafına verdikləri töhfəyə görə təşəkkür etməkdən ibarətdir. Azərbaycan Talassemiya Federasiyasının məlumatına əsasən, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış pasiyentlər mövcuddur və bu pasiyentlərin həyatı kütləvi keçirilən qanvermə aksiyalarından asılıdır. Qan vermə aksiyaları və təbliğat xarakterli tədbirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və tallassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində təşkil olunur. Belə ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Talassemiyasız həyat naminə” adlı dəyirmi masadan sonra çoxsaylı Dövlət və Kommersiya təşkilatları qan vermə aksiyalarına qoşulmuşdur.