Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edildi

YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən yığıncaq keçirildi. Səbail rayonunda yerləşən “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin konfrans zalında baş tutan tədbirdə kompleksin baş direktoru Afaq Abdullayeva qonaqları salamlayaraq bildirdi ki, bugünkü tədbir nəcib insan, insanların gözlərinə şəfa verən bir xanım – Zərifə Əliyevanın anadan olmasının ildönümü ilə bağlıdır: “YAP Səbail rayon təşkilatı tərəfindən təşkil olunan bugünkü yığıncağın məhz bizim müəssisəmizdə keçirilməsi bizi çox sevindirir. Buna görə YAP Səbail rayon təşkilatına müəssisəmiz adından təşəkkür edirik”.

Yığıncaqda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videofilm nümayiş etdirildi.

Filmdən sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev bildirdi ki, bu tədbirin məhz tibb ocağında keçirilməsi təsadüfi deyil. Yüksək mənəvi-əxlaqi dəyərlərə malik olan, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olan Zərifə xanım eyni zamanda Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Qısa həyat yolu ərzində genişmiqyaslı işlər görmüş Zərifə xanım eyni zamanda böyük bir missiyanı da yerinə yetirmişdir. Heydər Əliyev kimi dahi şəxsiyyətin etibarlı, dəyanətli, şəfqətli və cəsur həyat yoldaşı olmaq məhz ona nəsib olmuşdur. Onların həyat yolu gənclərimiz üçün, bütün insanlar üçün böyük nümunədir.

Daha sonra YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı, müstəqillik dövründə ilk dəfə nəşr olunmuş “Zərifə Əliyeva” adlı kitabın müəllifi Hüseynbala Mirələmov çıxış etdi. İlk növbədə müəllifi olduğu və Moskvada çapdan çıxmış olan “Zərifə Əliyeva” adlı kitab haqqında məlumat verən deputat qeyd etdi ki, sözügedən kitab 12 dildə nəşr olunub: “Artıq bu kitab bütün dünyada geniş yayılıb”.

Yığıncaqda “Xüsusi Müalicə Sağlamlıq Kompleksi”nin həkim-oftalmoloqu Bahar Mustafayeva çıxış edərək, qeyd etdi ki, fitri istedadı olan və novator tədqiqatçı həkim kimi tanınmış Zərifə xanım Əliyevanın keçdiyi şərəfli yol hər bir azərbaycanlı üçün kamillik və müdriklik məktəbidir. Dünya şöhrətli bir çox oftalmoloqun haqqında yüksək fikirlər söylədiyi Zərifə xanımın həyat tərzi xeyirxahlıq idi. Zərifə xanımın xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaqdır.

Çıxış edən YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü, “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Ulu Öndər Heydər Əliyevin fikrinə istinad edərək bildirdi ki, Azərbaycan xanımları dünyanın ən gözəl xanımlarıdır və bu gün Azərbaycan xanımının ən gözəl nümunəsi məhz tibb aləminin tanınmış siması Zərifə xanım Əliyevadır. Bu gün Zərifə xanım haqqında danışarkən Onun portretini yaratmağa çalışırıq. Lakin Zərifə xanımla bağlı ən gözəl portret məhz özü tərəfindən yaradılıb. Azərbaycan ailəsi modeli Ulu öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyeva tərəfindən yaradılıb. Zərifə xanım Əliyeva Prezident İlham Əliyevin fenomenal və xarizmatik lider kimi yetişməsində analıq missiyasını yüksək səviyyədə yerinə yetirib. Zərifə xanımın elmi ixtiraları bu gün də araşdırılır.

Sonda Şəmsəddin Hacıyev yekun nitqi ilə çıxış edərək qeyd etdi ki, Zərifə xanım Əliyeva kimi şəxsiyyətlər Azərbaycan qadının nə qədər dəyanətli və ləyaqətli olduğunu göstərir. O əlavə etdi ki, bu gün dünyada böyük liderlərə ehtiyac var. Bizim xoşbəxtliyimiz bu gün möhtərəm Prezidentimiz İlham Əliyev kimi liderimizin olmasıdır. Məhz ölkə rəhbərimizin cəsarətli, düşünülmüş, qabaqlayıcı və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan hər gün dünyada fərqli rakursdan təqdim olunur. Bu, bizim qürurumuzdur.