Mübarək Ramazan bayramı münasibətilə YAP Səbail rayon təşkilatı tərəfindən növbəti xeyriyyə aksiyası keçirildi

Ölkəmizin və Səbail rayonunun ictimai-siyasi və sosial-mədəni həyatında yaxından iştirak edən YAP Səbail rayon təşkilatı artıq ənənə halını almış xeyriyyəçilk fəaliyyətini davam etdirir və yardıma ehtiyacı olan aztəminatlı rayon sakinlərinə, şəhid ailələrinə, əlillərə, tənha qocalara, yataq xəstələrinə və kimsəsizlərə daim xüsusi diqqət göstərir.

22-23 iyun tarixlərində mübarək Ramazan bayramı münasibətilə bu silsilədən olan növbəti xeyriyyə aksiyası həyata keçirildi. YAP Səbail rayon təşkilatının və adının çəkilməsini istəməyən sponsorların dəstəyi ilə reallaşdırılan aksiya çərçivəsində 1-ci qrup əlil olan, hərəkət etməkdə çətinlik çəkən və ciddi ehtiyacı olan aztəminatlı yeddi sakinə əlil arabaları hədiyyə olundu.

Respublika Əlillərin Bərpa Mərkəzi ilə məsləhətləşmələr aparılaraq reallaşdırılan və bu dəfə yalnız Səbail rayonunu deyil, digər rayon sakinlərini də əhatə edən yardım aksiyası zamanı rayon təşkilatının əməkdaşları bayramqabağı aztəminatlı ailələri yaşadıqları mənzillərdə ziyarət etdilər, və sakinləri bayram münasibətilə təbrik edərək, əlil arabalarını fərdi qaydada onlara təqdim etdilər.

Bir neçə aydır əlil arabası almaq üçün müraciət edərək növbə gözləyən sakinlər fərdi sponsorların köməkliyi ilə alınaraq, onlara çatdırılan arabaları böyük sevinc və minnətdarlıq hissi ilə qəbul etdilər. Xeyirsevər insanlara dərin təşəkkürlərini bildirən əlillər və ailə üzvləri bu xeyriyyə aksiyasına görə ölkə rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına və bu işdə az-çox iştirakı olan hər kəsə dualar edərək, bildirdilər ki, bu əlil arabaları yaşayış şəraitlərini az da olsa asanlaşdıracaqdır.

YAP Səbail rayon təşkilatı bundan sonra da sponsorların dəstəyi ilə aztəminatlı və yardıma ciddi ehtiyacı olan rayon sakinləri üçün müxtəlif səpkili xeyriyyə aksiyalarını həyata keçirməyi davam etdirəcəkdir.