Qubada “31 mart–Azərbaycanlıların soyqırımı günü”nə həsr olunmuş anım tədbiri

Səbail və Quba rayon İcra Hakimiyyətləri, YAP Səbail və Quba rayon təşkilatlarının birgə təşkilatçılığı ilə 29 mart 2017-ci il tarixində Səbail rayon partiya fəalları və ictimaiyyət nümayəndələri, o cümlədən rayonun idarə və müəssisələrinin əməkdaşları, veteran və gənclər təşkilatlarının üzvləri 31 mart – Azərbaycanlıların soyqırımı gününün ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla tanışlıq zamanı partiya fəalları erməni qəsbkarlarının azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əyani sübut edən tarixi faktlar, sənədlər və foto şəkillərlə tanış oldular. Ziyarətçilərə məlumat verildi ki, Quba soyqırımı məzarlığı 2007-ci ilin aprelin 1-ində bu ərazilərdə torpaq işləri aparılarkən aşkar edilmişdir. Bundan sonra kütləvi məzarlıqda Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılmış geniş tədqiqat işləri nəticəsində 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı aktının baş verməsi sübuta yetirilmişdir. Diqqətə çatdırıldı ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmışdır və kompleksin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur.

Memorial Kompleks ziyarətindən sonra YAP Quba rayon təşkilatının inzibati binasında 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunan tədbir keçirildi. Tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, YAP Səbail rayon təşkilatının Aparat rəhbəri Zəfər Bayramov, rayon təşkilatının İdarə Heyətinin üzvləri və çoxsaylı qonaqlar iştirak etdilər.