Səbail rayon ictimaiyyəti Akademik Milli Dram Teatrında “Vəsiyyət” tamaşasını izlədi
Noyabrın 26-da YAP Səbail rayon təşkilatının kollektivi və rayon ictimaiyyəti nümayəndələri Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilən “Vəsiyyət” tamaşasını izlədilər.
Səhnə əsərinin nümayişində YAP Səbail rayon təşkilatının rəhbərliyi, Rayon Şurası və İdarə Heyətinin üzvləri, rayon ictimaiyyəti nümayəndələri, partiya fəalları və çoxlu sayda gənclər iştirak etdilər. Bu kollektiv sosial tədbir partiya təşkilatının təşəbbüsü ilə baş tutdu. Belə ki, YAP Səbail rayon təşkilatı hər zaman aparat işçilərinin və partiya fəallarının asudə vaxtının səmərəli təşkili, gənclərin vətənpərvərlik ruhunda, milli adət-ənənələrimizə sadiq şəkildə tərbiyə olunması və intellektual səviyyəsinin artırılması istiqamətində rayonda çoxsaylı mədəni-kütləvi tədbirlərin keçirilməsinə xüsusi önəm verir.
İki hissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində əməkdar artistlər Abbas Qəhrəmanov (Dövran), aktrisa Ləman İmanova (Röya), əməkdar artist Mirzə Ağabəyli, Almaz Amanova (Zəhra), Sevinc Əliyeva (Ceyran), aktyorlar Rüstəm Rüstəmov (Pirim), Elçin Əfəndi (Samir), əməkdar artist Kazım Həsənquliyev (Elman), İlahə Həsənova (Delisay) və əməkdar artist Aslan Şirin çıxış etdilər.
Tamaşa boyunca aktyorların oyununu gurultulu alqışlarla müşaiyət edən izləyicilər sonda müəllifə və bütün aktyorlara təşəkkürlərini ayaq üstə alqışlar və gül dəstələri ilə bildirərək onları təbrik etdilər.