Səbail rayonunda “2 Fevral – Gənclər günü” qeyd edilib

02 fevral 2016-cı il tarixində YAP Səbail rayon təşkilatında “2 Fevral – Gənclər günü” münasibətilə tədbir keçirilib. Səbail Rayon Gənclər və İdman İdarəsi və YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin birgə təşkil etdiyi tədbirdə YAP Səbail rayon təşkilatının sədri, millət vəkili professor Şəmsəddin Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayonun gənc partiya fəalları və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Ş.Hacıyev, R.Abbasov, V.Mürsəlov tədbirdə iştirak edən gənclərin simasında bütün Azərbaycan gəncliyini möhtəşəm və tarixi gün olan “2 fevral 1996-cı il – müstəqil Azərbaycan gənclərinin I Forumu”nun 20 illik yubileyi münasibətilə təbrik ediblər. Gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən natiqlər Azərbaycanda gənclər hərəkatının ümumi strategiyası və ideologiyasının banisi Ümummilli lider Heydər Əliyevin bu sahədəki uzaqgörən siyasətindən və bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan gəncliyinin təhsil, bilik və peşəkarlıqlarının artırılması, həmçinin onların sosial problemlərinin həlli istiqamətində gördüyü böyük işlərdən danışıblar.

Daha sonra çıxış edən rayonun fəal gəncləri rayonda gənclərlə bağlı görülən işlər və keçirilən tədbirlərdən danışıblar, gəncləri maraqlandıran məsələlərə toxunublar, onları bayram münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc Fəxri Fərman və qiymətli hədiyyələrə təltif olunublar.