Səbail rayonunda “22 iyul – Milli Mətbuat Günü” münasibətilə jurnalistlərlə görüş keçirildi

21 iyul 2016-cı il tarixində Səbail rayon İcra Hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə “22 iyul – Milli Mətbuat günü” münasibətilə qəzet və elektron informasiya vasitələrinin bir qrup nümayəndəsi ilə görüş keçirildi.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkədə milli mətbuatın tarixi, jurnalistikanın problemləri və inkişafı barədə danışaraq qeyd etdi ki, 1875-ci ildə böyük ziyalı, publisist Həsən bəy Zərdabi Azərbaycan dilində dünyəvi qəzet olan “Əkinçi” qəzetini nəşrinə başladı ki, bununla da milli mətbuatımızın təməlləri atılmış oldu. “Əkinçi” qəzetinin o dövrdə məhz Azərbaycan dilində nəşr olunması böyük qəhrəmanlıq idi, sonradan “Molla Nəsrəddin” və digər yüzlərlə qəzet nəşr olundu. Hər bir qəzetin ərsəyə gəlməsində isə jurnalistlərin yorulmaz əməyini xüsusi qeyd etmək lazımdır.

Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov səmimi formatda keçirilən görüş üçün təşkilatçılara təşəkkür etdi və jurnalistlərin cəmiyyətimizin çox dəyərli insanları olduğunu qeyd etdi. Milli mətbuat tariximizdə iki dahi şəxsiyyətin – Həsən bəy Zərdabi və Ulu Öndər Heydər Əliyevin müstəsna rolundan danışan millət vəkili bildirdi ki, XIX əsrdə qəzet nəşrinə başlayan H.Zərdabi həm vətənpərvərliyi, həm də dünyagörüşü ilə zəmanəsinin ən görkəmli ziyalılarından idi. O dövrdə qəzet nəşri üçün icazə almaq, senzuradan keçmək böyük qəhrəmanlıq və yüksək iradə tələb edirdi. Azərbaycanda hər zaman yüksək intellekti ilə seçilən qəzet redaktorları fəaliyyət göstərmişdir, bu da əslində xalqımızın təhsilə, elmə, mədəniyyətə, maariflənməyə yönəlik fitri istedadı ilə bağlı faktordur.

Çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev “22 iyul – Milli Mətbuat Günü” münasibətilə jurnalistləri təbrik edərək, bu şərəfli peşə sahiblərinə möhkəm cansağlığı arzuladı, onlara qələmlərinin iti olmasını, yazılarında ədaləti unutmamağı və əsrlərlə formalaşdırılmış milli adət-ənənələrdən ayrılmamağı, hər dəfə qələmi ələ aldıqlarında Azərbaycan torpağının, millətinin, xalqının mənafeyini xatırlamağı tövsiyə etdi. Səbail rayonunda əlamətdar tarixlərin qeyd olunması ilə bağlı formalaşdırılmış gözəl ənənələrin yaşadılmasından duyduğu məmnunluq hissini dilə gətirən millət vəkili İcra Hakimiyyəti tərəfindən bugünkü görüşün təşkili üçün irəli sürülmüş təşəbbüsü partiya olaraq məmnuniyyətlə qəbul etdiklərini bildirdi və hakimiyyətin dördüncü qolu olan mətbuatın xalqı, milləti istənilən istiqamətdə yönəldə bilmə potensialından danışdı. Bildirildi ki, bununla əlaqədar olaraq, düzgün informasiyanın səmərəli şəkildə çatdırılması məsuliyyəti məhz jurnalistlərin üzərinə düşür. Ş.Hacıyev Azərbaycan milli mətbuatının yarandığı gündən etibarən hər dövr üçün aktuallığını qoruduğunu, dövrün mütərəqqi ideyalarının təbliğatçısı, həqiqət carçısı kimi çıxış etdiyini, cəmiyyətin fikrini formalaşdırdığını bildirərək vurğuladı ki, 141 il ərzində Azərbaycan mətbuatı şərəfli yol keçmişdir, bu yolda əldə olunan nailiyyətlərdə və qazanılmış tarixi zəfərlərdə mətbuat işçilərinin böyük rolu olmaqla yanaşı onların üzərinə ciddi məsuliyyət düşmüşdür.

Görüşdə çıxış edən jurnalistlər ölkədə KİV-lər və mətbuat işçilərinə yaradılan şəraitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.