Səbail rayonunda növbəti xeyriyyə aksiyası keçirildi

31 mart – Azərbaycanlıların soyqırımı gününün ildönümü və 2016-cı ilin aprel döyüşlərində qazanılmış qələbə münasibətilə YAP Səbail rayon təşkilatının və adının çəkilməsini istəməyən sponsorların dəstəyi ilə Səbail rayonu ərazisində yaşayan əlillər və yardıma ehtiyacı olan sakinlər üçün növbəti sosial yardım aksiyası həyata keçirildi.

Xeyriyyə aksiyası çərçivəsində I qrup əlil olan, hərəkət etməkdə çətinlik çəkən və ciddi ehtiyacı olan aztəminatlı altı sakinə əlil arabaları hədiyyə olundu. Rayon təşkilatının əməkdaşları sakinləri yaşadıqları mənzillərdə ziyarət etdilər və əlil arabalarını fərdi qaydada onlara təqdim etdilər. Bu xeyriyyə aksiyası əlillər və ailələri tərəfindən böyük sevinclə qarşılandı. Ümid edirik ki, bu arabalar sağlamlıq durumu çox ağır olan həmin insanların həyatını az da olsa rahatlaşdıracaqdır.

Əlillər və ailələri bu xeyriyyə aksiyasına görə ölkə rəhbərliyinə, Yeni Azərbaycan Partiyasına, bu işdə az-çox iştirakı olan bütün insanlara təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.

YAP Səbail rayon təşkilatı bundan sonra da sosial müdafiəyə ehtiyacı olan aztəminatlı rayon sakinlərini, şəhid ailələrini, əlilləri, tənha qocaları, yataq xəstələrini və kimsəsizləri diqqətdə saxlayacaq, öz imkanları və xeyriyyəçilik aksiyalarını özləri üçün ictimai vəzifə hesab edən sponsorların dəstəyi ilə rayon sakinləri üçün bu silsilədən xeyriyyə aksiyalarını davam etdirəcəkdir.