Səbaildə ümumrayon iməciliyi keçirildi

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçən əsrin 70-ci illərində Ulu öndərin  təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində və buradaki Veloparkda rayonun idarə və təşkilatları, təsərrüfat xidmətlərinin, ali və orta təhsil müəssisələrinin kollektivlərinin, YAP Səbail rayon təşkilatının çoxsaylı nümayəndələrinin – ümumilikdə 1000 nəfərdən çox insanın iştirakı ilə böyük iməcilik keçirildi. İməcilikdə həmçinin bir sıra ictimai birlik və qurumların, gənclər təşkilatlarının, şirkətlərin və digər qurumların nümayəndələri də iştirak etdilər.

İməcilik parkın bütün ərazisini əhatə etmişdir. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınmışdır. Gənclər və məktəblilər küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırmış, parkdakı velosiped yolları süpürülmüşdür. Əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilmiş, onların dibi açılmış, ərazi qurumuş otlardan təmizlənmiş, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılmışdır. Parkda ağacların sulanması üçün xətlər çəkilmiş və bu da onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

İməcilikdə iştirak edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Vergilər Nazirinin müavini Sahib Ələkbərov, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev, Milli Məclisin üzvləri və digər nümayəndələr həmin gün parkın ərazisində 1000-dən çox yeni ağac, əsas etibarı ilə Eldar şamı və zeytun, velosiped yollarının kənarlarında dekorativ kollar əkdilər və onların suvarılma məsələlərinə xüsusi diqqət yetirildi. Ağacların gələcək inkişafının təmini üçün bura damcı üsulu ilə suvarılma xətləri çəkildi.