Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə hazırlanmış “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” adlı kitabın təqdimat mərasimi
05 may 2016-cı il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı HEYDƏR ƏLİYEVİN anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə hazırladığı “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” adlı kitabın təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Milli Məclisin sədr müavini Bahar Muradova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri prof. Hadı Rəcəbli, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri prof. Eldar İbrahimov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri prof. Səməd Seyidov, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov, Milli Məclisin deputatı Azər Badamov, həmçinin dövlət və hökumət rəsmiləri, universitet rektorları, elm, təhsil, incəsənət və din xadimləri, ağsaqqallar, ziyalılar, gənclər, veteranlar və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər.
***
335 səhifədən ibarət kitab “Azərbaycan” nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabın elmi redaktoru Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyevdir.
Müasir Azərbaycanın memarı və qurucusu Ulu öndər Heydər Əliyevin iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən zəngin dövlətçilik irsinin, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin, zəngin həyatı və çoxşaxəli fəaliyyətinin öyrənilməsi üçün daha bir intellektual töhfə olan “Heydər Əliyev – Azərbaycan: dünən, bu gün və sabah” kitabı geniş oxucu kütləsi, həm də Heydər Əliyev irsini öyrənən tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Ötən ilin dekabr ayında Səbail rayon İcra Hakimiyyəti və YAP Səbail rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilmiş eyniadlı elmi-praktiki konfransın materialları əsasında hazırlanmış kitabda dərc edilmiş məqalələrdə Azərbaycanın mövcudluğu dövrünün əsaslı intibah mərhələsi hesab olunan və 30 ildən artıq müddəti əhatə edən Heydər Əliyev epoxası ardıcıl və sistemli şəkildə təqdim olunmuş, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin inkişafı üçün göstərdiyi misilsiz xidmətlər, bu dövrdə ölkənin ictimai-siyasi həyatının bütün sferalarınında əldə olunan fundamental nailiyyətlər, iqtisadi və sosial inkişafın davamlılığının və dayanıqlılığının təmin edilməsi, regionlarda inkişaf proqramlarının həyata keçirilməsi, qlobal neft-qaz layihələrinin uğurla icrası əks olunmuşdur. Heydər Əliyev dühası, İlham Əliyev şəxsiyyətinin müasir Azərbaycan tarixindəki rolunu daha yaxşı dərk etmək, bu iki dahi insanın siyasətini öyrənmək, təbliğ və tədqiq etmək məqsədilə hazırlanmış kitabda Ümummilli Liderin dövlətçilik irsinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və müasir Azərbaycanın zəngin və şərəfli inkişaf yolunda yeni zirvələr fəth etməkdə olduğu xüsusi vurğulanmışdır.
Azərbaycanı müdrik siyasəti ilə tərəqqiyə aparan, dövlət idarəçiliyini şərəflə icra edib ölkənin prioritet inkişaf yollarını göstərən Ulu Öndər Heydər Əliyevin fəaliyyət dövrünün həm Sovetlər dönəmindən ibarət olan birinci mərhələsində, həm də müstəqillik illərini əhatə edən ikinci mərhələsində dövlətçiliyimizin qurulması və möhkəmləndirilməsi, iqtisadiyyat, təhsil, mədəniyyət, ordu quruculuğu və xalq təsərrüfatının digər sahələrinin inkişafında əvəzsiz xidmətləri, ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlər kitabda 1969-1982, 1982-1987, 1987-1993 və 1993-2003-cü illər üzrə konkret rəqəmlərlə, faktlarla təsvir olunmuş, müstəqil Azərbaycanın keçmişindən bu günə uzanan intibah mərhələsi elmi əsaslarla təhlil edilmiş, dahi liderimizin nəinki Azərbaycanın, eləcə də ümumbəşəri inkişafa verdiyi töhfələr geniş işıqlandırılmışdır.
Kitabda Heydər Əliyevin əbədiyaşar ideyalarının yalnız dünənlə məhdudlaşmadığı, Ümummilli Liderin ölkəni tərəqqiyə aparan ideyalarının Azərbaycanın keçmişinə, bu gününə və gələcəyinə işıq tutduğu qeyd olunmuşdur. Mübaliğəsiz demək olar ki, bu gün – XXI əsrin başlanğıcında gördüyümüz Azərbaycan məhz Heydər Əliyevin və onun siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin idarəetmə strategiyasının təntənəsidir. Kitabda Heydər Əliyevin dövlətçilik irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət təşkil edən və ölkə üçün kardinal dəyişikliklərə yol açan tarixi məqamlar öz əksini tapmışdır. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq” yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xalqı dinamik inkişaf yoluna qədəm qoydu, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft və Bakı-Tbilisi-Ərzurum ixrac qaz kəmərlərinin çəkilməsi ilə Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa başladı və ölkə üçün tamamilə yeni inkişaf dövrü başladı.
Ulu Öndərin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı sahələrinə, Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən siyasətin uğurları və gələcək perspektivlərinə həsr olunmuş məqalələrin toplandığı kitabda vurğulanmışdır ki, Heydər Əliyev strategiyası bu gün də müasir dövrün tələblərinə uyğun olaraq yeni keyfiyyətdə və yeni məzmunda uğurla davam etdirilir. Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə başlayan və uzun müddət davam edəcək ölkəyə rəhbərlik dövrü, son 12 ildə ölkə Prezidentinin çoxşaxəli fəaliyyəti, bu dövrdə əldə olunmuş tarixi nailiyyətlər, o cümlədən sabaha hədəflənmiş ümummilli inkişaf konsepsiyası da öz əksini tapmışdır. Müasir Azərbaycan – dünyanın bir çox ölkələrinin həsəd apara biləcəyi modern ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında ölkəmiz davamlı inkişaf yoluna çıxmış, ictimai həyatın istisnasız olaraq bütün sferalarında yüksək artım tempinə nail olunmuş, ölkədə bütün demokratik azadlıqların qərarlaşdığı vətəndaş cəmiyyəti formalaşdırılmış, siyasi-iqtisadi sabitlik və sosial həmrəylik əldə olunmuş, Azərbaycan beynəlxalq arenada mövqelərini və nüfuzunu günü-gündən möhkəmləndirən və ümumiyyətlə, sabahına nikbin baxılmasına heç bir şübhə yeri qalmayan qüdrətli bir dövlətə çevrilmişdir. 2003-cü ildən etibarən Ulu Öndərin siyasi irsi onun layiqli varisi tərəfindən uğurla davam etdirilməkdədir. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə cəmiyyətin sosial-iqtisadi, siyasi və mədəni həyatının modernləşməsi istiqamətində həyata keçirilən konkret proqramlar Azərbaycanın qlobal və regional inkişafda rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, ölkə iqtisadiyyatının və ayrı-ayrı regionların davamlı və dayanıqlı inkişafının təmin olunmasına, qlobal neft-qaz və nəqliyyat layihələrinin uğurla reallaşdırılmasına, ölkənin neft-qaz resurslarının hasilatı və nəqlinin şaxələndirilməsinə, sənaye, kənd təsərrüfatı, qeyri-neft sektorlarının tarazlı inkişafına, ölkənin beynəlxalq rəqabətliliyinin yüksəldilməsinə rəvac vermişdir. Yürüdülən məqsədyönlü və düzgün siyasət nəticəsində Azərbaycan dünyada tanınmış, ölkəmiz qlobal humanitar, ictimai-siyasi, mədəni, sivilizasiyalararası dialoq, multikulturalizm mərkəzlərindən birinə, Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Bu gün Azərbaycan çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu istiqamətdə dünya idman tarixinə öz möhtəşəmliyi ilə əbədi həkk olunan Bakıda keçirilmiş Birinci Avropa oyunlarını misal göstərmək kifayət edir. Bir sözlə, Azərbaycan yalnız öz hüdudları çərçivəsində deyil, bütövlükdə müasir dünyada baş verən proseslərdə fəal iştirak edir, dünyanın sülh və təhlükəsiz şəraitdə yaşaması və davamlı inkişafının təmin edilməsinə öz töhfəsini verir. Məhz, bu fundamental uğurlar xalqımızın Heydər Əliyev siyasi məktəbinə olan inamını daha da artırmışdır.
Heydər Əliyevin müəllifi olduğu və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ümummilli inkişaf strategiyasının – “Azərbaycan modeli”nin konkret təhlillərlə xarakterizə olunduğu kitabda Azərbaycanın gələcəyə hədəflənən vəzifələri və perspektivləri də öz əksini tapmışdır. Qeyd olunmuşdur ki, güc və sərvət hakimiyyətinin bilik hakimiyyətinə transformasiya olunduğu müasir dövrdə qlobal məkanda formalaşmış və getdikcə güclənməkdə olan meqatəmayüllərə uyğunlaşmaq, “qlobal axın”a qoşulmaq həyati zərurətə çevrilmişdir. Belə ki, yeni dövrün mürəkkəb konstruksiyası uzun onilliklər ərzində qərarlaşmış strateji inkişaf istiqamətlərinə yeni rakursdan baxmağı tələb edir. İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi ümummilli sosial-iqtisadi inkişaf konsepsiyası çərçivəsində biz bu gün Azərbaycanın inkişafında əsaslı keyfiyyət dəyişikliklərinin, yeni təfəkkürün, proqram-məqsədli yanaşmanın və sistemli, düşünülmüş, praqmatik şəkildə yürüdülən siyasətin şahidiyik. İlham Əliyev ictimai həyatın bütün sferaları arasında real məzmunlu inteqrativ bağlılığın keyfiyyətcə yeni müstəviyə keçirilməsinə, cəmiyyətdə sosial həmrəylik və sosial əməkdaşlığın qərarlaşmasına rəvac verən islahatlara start vermişdir. Kitabda “Azərbaycan 2020: gələcəyə baxış” yeni inkişaf konsepsiyasındakı çağırışlar, ölkədə post-neft dövrünün əsas konseptual cəhətləri, neftlə neftsiz iqtisadiyyatda qarşıya qoyulan hədəflərin əldə olunması üçün sosial-iqtisadi siyasətin yeniləşməsi və onun mexanizmləri, regionların davamlı sosial-iqtisadi inkişafı, arqar sektorun inkişaf prioritetliyi, ölkənin xarici ticarət siyasətində idxal əvəzedici, ixrac yönümlü və yerli istehsalın dəstəklənməsi üçün idxal komponentlərinin təmini kimi siyasət istiqamətlərinin üzvü vəhdətdə reallaşması, Azərbaycanın dünya birliyində və qlobal iqtisadiyyatda mövqeyi, ölkədə yeni cəmiyyət tipinin formalaşması və s. məsələlər də öz əksini tapmış və geniş oxucu kütləsinə təqdim edilmişdir.