2015-ci il MM seçki kampaniyası_Qadın seçicilərlə görüş
16 oktyabr 2015-ci il tarixində YAP-ın deputatlığa namizədi Şəmsəddin Hacıyev qadın seçicilərlə görüşüb. Görüş YAP Səbail rayon təşkilatının qərargahında baş tutub.
Ş.Hacıyev: “Hazırda YAP cəmiyyətin siyasi avanqardı, ölkənin ən nüfuzlu siyasi qüvvəsidir. Partiya çox geniş potensiala malikdir və qadınlarımızın da bu uğurlarda özünəməxsus payı vardır. Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Həyatımızda elə bir sahə yoxdur ki, orada qadınlar çalışmasın. Bugün qadınların cəmiyyətimizdə tutduğu mövqe tamam başqadır. Azərbaycanın birinci xanımı, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət vermişdir. Bu gün həmin ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.”